Mirzə Xəzər, İftixar Piriyev və Tahir Əmiraslanov

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir. Layihənin budəfəki qonaqları "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbər Mirzə Xəzər, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev və Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovdur.

"Vicdan, mərhəmət, günah, peşmanlıq kimi insani keyfiyyətlər Stalinə yad olub"

"Azadlıq" radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbər Mirzə Xəzərin sözlərinə görə, o, Edvard Radzinskinin "Stalin" adlı kitabını oxuyub: "Kitabı oxudum. Bu böyük diktatorun həyat yolunu yenidən izləmək və təfərrüatlarla yenidən tanış olmaq maraqlıdır. Vicdan, mərhəmət, günah, peşmanlıq kimi insani keyfiyyətlər Stalinə yad olub. Digər tərəfdən isə diktatorun günahsız milyonların qanı, həyatı bahasına geridə qalmış Rusiyadan nəhəng bir dövlət qurması diqqəti cəlb edir. Lakin qurduğu dövlətin təməli qorxu, şəxsiyyətin əzilməsi, köləlik ruhunun təbliği, müntəzəm repressiyalar idi. Belə dövlətlərin ömrü qısa olur və dövlət ilk mülayimləşmə sınağına tab gətirmir, dağılır. Belə də oldu. İkinci dünya müharibəsində qələbə çalan SSRİ, Qorbaçovun yenidənqurma siyasətinə məğlub oldu".

"Kamal Abdulla bənzərsiz ədəbiyyatdır"

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev isə Kamal Abdulla yaradıcılığından söz açıb: "Kamal Abdullanın "Nar çiçəkləri"ni oxudum. "Nar çiçəkləri" şeirlər kitabıdır. Kamal Abdullanın əsərləri, o cümlədən şeirləri bulaq gözü kimi duru, günəş kimi isti, qar qədər soyuq və ruha qida verəcək qədər dadlı-duzludur. Ən başlıcası isə bənzərsiz ədəbiyyatdır. Bu ədəbiyyat yalnız və yalnız Kamal Abdullanın ruh dünyasına bənzəyir - təzə-tərdir. Ona görə də oxucunu ovsununda saxlaya bilir".

"Üç kitabı oxuyuram"

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyir ki, hazırda 3 kitabı birdən oxuyur: "F.Gılarbəylinin "Batini Quran" kitabının üzərində işləyirəm. Bundan başqa eyni zamanda Nadir Mirzənın "Karnamə" risaləsini bir də vərəqləyirəm. həm də Plutarxın "Pir Semi Mudretcov" əsərini araşdırıram. İndi 3 kitab var masamda".

Bahar Rüstəmli
AzNews.az