“Yeddi məhbusun hekayəsi”ndən “Siyasi xadimin portreti“nə

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir. Layihənin budəfəki qonaqları Milli Şuranın üzvü, İstiqlalçı deputat İbrahim İbrahimli, tanınmış şairə Nazilə Səfərli və Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafadır.

"Yeddi məhbusun hekayəsi"…

Milli Şuranın üzvü, İstiqlalçı deputat İbrahim İbrahimlinin sözlərinə görə, o, son vaxtlar gənc yazarların yaradıcılığına daha geniş yer ayırıb: "Mən son vaxtlar gənc yazarlardan daha çox oxuyuram. Rasim Qaracanın "On bir gecə", Seymur Baycannın "Ana ürəyi", Nərmin Kamalın "Aç mənəm", Şərif Ağayarın "Haramı" və sonuncu dəfə isə Seymur Baycanın "Yeddi məhbusun hekayəsi"ni oxumuşam. Bu kitaba görə Seymura təşəkkür edirəm".

"Yol gedir Naxçıvana"…

Tanınmış şairə Nazilə Səfərli isə Salatın Əhmədlinin kitabını oxuyur: "Mən Salatın Əhmədlinin "Yol gedir Naxçıvana" adlı kitabını oxuyuram. Kitab başdan-başa folklor nümunələridir. Sanki mənim üçün yazılıb".

"Jozef Fuşe. Siyasi xadimin portreti"

Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafa "Jozef Fuşe. Siyasi xadimin portreti" adlı belletristik bioqrafiyasını analiz etdi: "Bu günlərdə Avstriya yazıçısı Stefan Sveyqin "Jozef Fuşe. Sayasi xadimin portreti" adlı belletristik bioqrafiyasını oxudum. Əsərdə hadisələr Napoleon dövründə Fransada cərəyan edir.

Mən Sveyqin bədii əsərlərini-hekayə və povestlərini əvvəllər də oxumuşam. Amma onun siyasi publisistikası ilə son zamanlar daha yaxından tanış olmağa başlamışam. Mən bununla paralel olaraq bir sıra əsərləri də mütaliə etmişəm. Ümumiyyətlə, eyni vaxtda bir neçə kitab oxumağı sevirəm. Eləcə də, eyni vaxtda bir neçə yazı üzərinə işləyirəm".

Bahar Rüstəmli
AzNews.az