“Əli və Nino”da da vergi yoxlamaları başlayır- Nigar Köçərlidən açıqlama

""Əli və Nino" kitab mağazaları şəbəkəsinə bu, münasibət kitaba edilən təzyiq vasitəsidir".

Bunu AzNews.az-a açıqlamasında "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.

O bildirib ki, Vergilər Nazirliyi "Əli və Nino" kitab mağazaları şəbəkəsində də yoxlamalara başlamaq niyyətindədir: "Artıq proses "Əli və Nino" mağazalarına da çatdı. Vergilər Nazirliyinin İstintaq İdarəsindən bir müstəntiq zəng edərək, çox kobud formada danışdı və mənim həmin quruma gəlməli olduğumu dedi. Səbəbini soruşduqda isə kobud formada "Bunu siz orada biləcəksiniz" söylədi".

N. Köçərli qeyd edib ki, ona rəsmi şəkildə dəvət gəlməyib: "Məncə, bu "Qanun" Nəşrlər Evinə olan prosesin davamıdır. Belə çıxır ki, növbə artıq "Əli və Nino"nundur. Dəvət gələcəksə idarəyə gedəcəyəm və bütün addımlarımı qanun çərçivəsində atacağam. Əlbəttə, belə bir vəziyyətin yaranması mənə xoş deyil. İstəməzdim ki, belə xoşəgəlməz hadisə baş versin".

O əlavə edib ki, bu, bir kampaniyadır və kiminsə burada gözləntisi var: "Demək istəyirəm ki, bunu gözləməsinlər. Biz "Qanun" Nəşrlər Evinə dəstək veririk, birgə işlər görürük. Görünür, bizim üçün də bir bəhanə axtarırdılar və nəhayət bunu da tapdılar".

Bahar Rüstəmli
AzNews.az