Bizə nə Çexov lazımdır, nə Mirzə Cəlil

Sovet dönəmində ədəbiyyatın, sənətin insanı tərbiyə etməsi, mənəvi, əxlaqi kamilləşdirməsi tezisinə inamı indi yazar dostlarım bir az başqa keyfiyyətdə təbliğ edir.

Məsələn, Çexovu oxumayandan insan ola bilməz.

Rembrandtın "Azmış oğulun qayıtması" tablosundan məlumatsız adamın vicdanlı vətəndaş olması mümkün deyil.

Viskontinin "Tanrıların ölümü" filminə baxmayan sağlam düşünə bilməz.

Bramsın musiqisini dinləməyən barbardır.

Fukonun fəlsəfi görüşlərindən xəbərsiz kəs mənəvi ölümə məhkumdur.

Ədəbiyyatın, sənətin insana mütləq katarsis prosesini yaşatması, onu humanistləşdirməsi, mədəniləşdirməsi, cəmiyyəti sağlamlaşdırması yanlış düşüncədir.

Əksi baş versəydi, dünyanın düzəni başqa cür olardı, XXI əsrin insanı imperialist təfəkkürlə yaşamazdı, istehlak acgözlüyündə boğulmazdı.

Məsələn, zəngin ədəbi, mədəni irsə malik millətin nümayəndəsi, Tolstoyu, Çexovu oxuyan Putin başqa ölkənin ərazi bütövlüyünə müdaxilə eləməzdi.

Hansısa dindarlar üçün Tanrıya tapınmağın yolu dinin şərtlərinə əməl etməkdən, namaz qılmaqdan, baş bağlamaqdan, saqqal saxlamaqdan, oruc tutmaqdan keçir.

Halbuki, bir insanın mərhəmətli, vicdanlı olması artıq onun Tanrıya tapınmağıdır.

Bu mənada "Səfillər"i oxuyan mütləq mərhəmətli olacaq, fədakarlıqlar edəcək deyə dəqiq düstur yoxdur.

Şəxsi təcrübəmdə geniş bilgiyə malik, intellektual olan, amma insan olmağı bacarmayan çox kəslə rastlaşmışam.

Və intellekt demişkən... Biz ümumən "intellekt"i məhdud çərçivədə anlayırıq.

Bizdə "intellekt" anlayışının sərhədləri əsasən sənət, ədəbi bilgilərlə şərtlənir.

İntellekt hər şeydən əvvəl düşünmək, analiz qabiliyyəti, problemin dərki, həll etmək bacarığı, öz bilik və təcrübəni cəmiyyətdə istifadə eləyə bilməkdir.

Düzdür, "intellekt" anlayışının tərifi hələ də müzakirə olunur.

Amma hər halda ümumi qəbul olunmuş tərif belədir.

Məsələn, bir ölkənin intellektual əmsalı nə ilə ölçülə bilər: ixtiraları, iqtisadiyyatının, tibbinin inkişafı, hansısa brendləri, əhəmiyyətli sosioloji araşdırmaları, dünya sənətində hadisə sayıla biləcək əsərləri ilə və s.

Bu halda bir mühəndisin, alimin, həkimin, sahibkarın, ədəbiyyatın, incəsənətin, fəlsəfənin dərinliyinə baş vurmağı yox, öz ixtisasında peşəkarlığı, ona vicdanla yanaşması önəmlidir.

Ədəbi maariflənmənin cəmiyyətin sağlamlaşdırması yönündəki mütləq amil olması arqumenti mübahisəlidir.

Məsələn, Mirzə Cəlilin, Sabirin biliciləri əslində elə onların hədəfə aldığı tipajların eynidir.

Daha vacibi əgər intellektual insan cəsarətli deyilsə, konformistdirsə onun bilik və bacarıqları bir işə yaramaz, əksinə təhlükəlidir.

Bunu dəqiq B. Bertoluççi "Konformist" filmində göstərib. İntellegensiyanın nümayəndəsi Marçello nasistlərlə işbirliyinə gedir. Professor Kvadri ölkəsində faşistlərə qarşı mübarizə aparmaqdansa, Parisə qaçıb meşşan həyat sürür.

Qısası, insanın mayasında vicdan, mərhəmət anlayışı yoxdursa, Dostoyevskinin bütün əsərlərini oxusa da faydasızdır.

...Sıravi yapon Kobo Abeni, Odzunu tanımır.

Sıravi amerikalı adanı yarımadadan ayıra bilmir.

Sıravi fransız böyük ədəbi irsi haqda ətraflı məlumata malik deyil.

Amma normal, tolerant cəmiyyətdə yaşayırlar. Çünki bu ölkələrdə humanizmi, insan haqlarını, fərdin ən yaxşı şərtlərdə yaşamasını təmin edən, işlək qanun mexanizmi, vətəndaş cəmiyyəti var.

Dediyim odur ki, cəmiyyətimizə ədəbi maariflənmədən (sıravi insanın bunu məktəb dərsliyi səviyyəsində bilməsi yetər) vacib, hüquqi, insan azadlığı, vətəndaş cəmiyyəti yönündəki maariflənmə, sosial, ictimai institutların güclənməsidir.

Bu halda tolerantlıq da, sağlam düşüncə də alternativlərə imkan da olacaq.

Sözsüz ki, cəmiyyəti yönləndirən, ölkəni təmsil edən, intellegensiya hər bir toplumun əhəmiyyətli hissədir. Fəqət, bu intellegensiya "filan əsər əjdahadır" səviyyəsində düşünənlər yox, konkret funksionallığı olan sosioloqlar, siyasi analitiklər, filosoflar, iqtisadçılar, yaradıcı insanladır. Və bizim məhz belə intellegensiyaya ehtiyacımız var.

kulis.az