“Biz kimin varisiyik?” – Dillə bağlı elmi konfrans keçirildi - FOTO

"Azərbaycan Dil Qurumu" İctimai Birliyi "Azərbaycanın yeni tarixi: biz kimin varisiyik?" mövzusunda elmi konfrans keçirib. AzNews.az-ın məlumatına görə, tədbirdə çıxış edən "Azərbaycan Dil Qurumu"nun sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, əgər ölkə müstəqillik yolunda etibarlı, uzun hədəflərə yüzilliklərə istiqamətlənmiş bir yol seçilirsə, orda vətəndaş cəmiyyəti hökmən yaxından iştirak etməli və getdikcə dövlətin yükünə şərik olmalıdır. S. Rüstəmxanlı dilçilik sahəsində fəaliyyət göstərən və dövlətdən maliyyələşən qurumların fəaliyyətinə də toxunub: "Dilçiliklə bağlı dövlətin rəsmi qurumlara, ən əsası da Elmlər Akademiyasının Dilçilik İnstituna kifayyət qədər vəsait ayrmasına baxmayaraq, onun xərclənməsi ilə bağlı xeyli mübahisələr mövcuddur. Rəhbərlik etdiyim Dil Qurumu isə dövlətdən heç bir maliyyə yardımı almadan illərdir ki, mənəvi dünyamızın çox mühüm sahəsi olan dillə bağlı layihələr, konfranslar həyata keçirir. Bizim təşəbbüsümüzlə televiziyalarda çoxlu verilişlər yayımlanıb. Əslində "Dil haqqında qanun"a dair ölkə başçısının sərəncamının da ortaya çıxması düşünürəm ki, QHT-lərin, o cümlədən "Azərbaycan Dil Qurumu"nun ciddi təsiri olub".

Tədbirin əhəmiyyətindən də danışan S. Rüstəmxanlı vurğulayıb ki, "Azərbaycan Dil Qurumu" yeni layihələrə də start verib: "Bu layihənin məqsədi ən yaxın tariximiz, ümumiyyətlə milli idealogiya, mənəvi dünyamız və cəmiyyəti ciddi narahat edən bir çox problemlərin müzakirəsinə nail olmaqdır. Təbii ki, dillə məşğul olan elmi qurumlar, Elmlər Akademiyasına daxil olan Tarix İnstitutu, Fəlsəfə İnstitutu və o cümlədən tədris müəssisələri var. Hər biri bizim müzakirəsinə toplaşdığımız işlərlə bağlı müəyyən qədər işlər görürlər. Amma "Dil Qurumu" olaraq biz bu mövzuların həyata keçirilməsində bir sıra qüsurlar və bu sahədə milli xəttən uzaqlaşmalar görürük. Bu gün ən yaxın tariximiz, ümumiyyətlə milli idealogiya, mənəvi dünyamızla bağlı cəmiyyəti narahat edən bir sıra problemlər ortalığa çıxır. Ona görə biz ictimayyətin səsini, rəyini və bu məsələlərə münasibətini bildirməliyik". S. Rüstəmxanlı deyib ki, hələ də Sovet dövründə qalma ənənələr mövcuddur: "Yaxın tariximizə, xüsusilə 1988-ci ildən bu tərəfə, 1918-1920-ci il Xalq Cumhuriyyəti dövrünə münasibət istənilən səviyyədə deyil. Həmçinin, dilimizə, milli kimliyimizə, adımıza da münasibət də məni qane etmir. 23 ildir ki, Azərbaycanın müstəqil olmasına baxmayaraq, hələ rus soyadından qopa bilməmişik. Bundan başqa millətimizin adından tutumuş və digər məsələlərlə bağlı mübahisələr var. Xüsusən milli idealogiyamızda da problemlər yaşanmaqdadır". Millət vəkilinin sözlərinə görə, "Dil Qurumu"nun müzakirələri kiminsə və ya hansısa təşkilatın tənqidinə yönəlməyib: "Biz sadəcə millətin, xalqın səsini elmi dairələrə çatdırmaq istəyirik". Sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi Faiq Ələkbərov məruzə ilə çıxış edib. O deyib ki, müstəqilliyimizi əldə etməyimizə baxmayaraq, bu günə qədər vahid milli konsepsiya, ideologiya müstəvisinə çıxa bilməmişik: "Xüsusilə, milli ideologiya kimi təqdim olunan "Azərbaycançılıq", "türkçülük", "islamçılıq" və başqalarının bəzən bir-birlərinə zidd, bəzən də birləşdirici milli ideyalar kimi təqdim olunması, nəinki elmi ictimayyəti, hər bir vətəndaşı düşündürür. Daha sonra tədbirdə filologiya və tarix elmləri üzrə alimlər Nəsib Nəsibli, Adil Minbaşı, Ramiz Əsgər, Firudin Ağasıoğlu, Cəmil Həsənli, Rəhim Əliyev, Vaqif Arzumanlı çıxış ediblər. Həmçinin, mövzu ilə bağlı fikir və mülahizələr səsləndirilib.








Amid
AzNews.az
image description image description image description