Rejissor od püskürdü: “Mənə əyalətdə də iş verilmir”

"Mənə nəinki Bakıda, hətta əyalət dövlət teatrlarında belə iş verilmir". Bunu AzNews.az-a açıqlamasında tanınmış rejissor Rövşən Almuradlı deyib. O qeyd edib ki, bir neçə əsərə quruluş vermək arzusunda olsa da, ona bu şərait yaradılmır: "Necə illərdir mənə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heç bir tamaşa verilmir. Akademik Milli Dram Teatrda ştatdan da çıxarıldım. Mənə dedilər ki, teatrda rejissor ştatı olmayacaq və sizi teatra yalnız müqavilə yolu götürəcəyik. Bəzi rejissorlar vəziyyətdən çıxış yolu tapdılar. Mən isə ancaq bacardığım kimi yaşayıram. Görünür dəyərin qiyməti yoxdur". R. Almuradlı onu da əlavə edib ki, problem təkcə yazıçı Anarın "Səhra yuxuları" ilə bağlı deyil: "Hüseyn Cavidin "İblis", Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu", Şekspirin "Kral Lir" kimi əsərlərinin səhnələşdirilməsi üçün Akademik Milli Dram Teatrla yanaşı, digərlərinə də müraciət etmişəm. Lakin razılıq vermirlər. Məgər, qapı-qapı düşüb xahiş etməliyəm ki, mənə iş verin? Bu, nə qədər məntiqə və əxlaqa uyğundur? Ömrünün 30-40 ilini incəsənətə həsr edən və dəyərli sənət nümunəsi ortaya qoyan Rovşən Almuradlıya qarşı bu münasibəti qəbul edilməzdir. Məgər, Mədəniyyət və Turizm Nazirliyi Rövşən Almuradlı haqda bilgisizdir? Əsla yox".

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Səhra yuxuları" əsərinin səhnələşdirilməsinə qadağa qoyulub. Bu barədə AzNews.az-a məlumat verən mənbə bildirilib ki, sözügedən əsər vaxtiylə Akademik Dram Teatrının səhnəsində oynanılıb. Amma bir-iki tamaşadan sonra bu əsər repertuardan çıxarılıb. Mənbə deyib ki, otən il həmin əsərə rejissor Rövşən Almuradlı quruluş vermək istəsə də buna mane olublar. Xəbərə görə, rejissor bununla bağlı Akademik Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb. O, "Səhra yuxuları" na quruluş vermək istədiyini bildirsə də sözügedən teatrın direktorundan "yox" cavabı alıb. Məsələ ilə bağlı AzNews.az-ın sullarını cavablandıran Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xəbəri dolayısıyla olsa da təsdiqləyib:

"Teatrın repertuar planı və həm də siyasəti var. Əgər hər rejissor istədiyi əsərə quruluş versə və buna görə teatra gəlsə, onda ən azı repertuarda 20 tamaşa qoyular. Bu da mümkünsüzdür. Təbii ki, hər rejissor bir tamaşa qoymaq istəyir. Hər istək həyata keçsə, teatrda hərc-mərcilik olur ki... Mən bütün rejissorlarla, dramaturqlarla söhbət edirəm. Rövşən Almuradlı ilə də bu barədə söhbət etdik. Onlara bir daha xatırlatdım ki, teatrda hər hansı bir əsərin quruluş verilməsinə, Mədəniyyət və Turizm Nazirliyi icazə verməlidir. Yəni bunlar dövlət sifarişi səviyyəsində olur".

Bahar Rüstəmli
AzNews.az