İTV-dən Ermənistanla bağlı xəbərə REAKSİYA

Bu il Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək "Eurovision - 2014" Mahnı müsabiqəsində Ermənistanı qalib etmək istəyirlər.

Artıq eurovision.tv bu istiqamətdə təbliğata başlayıb. Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir. Eurovision.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni mahnısının 1.5 milyon izləyicisi var. Həm də iddia edir ki, bu günə qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5 milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer ayrılıb.

Xatırladaq ki, daxili nizamnaməyə uyğun olaraq Avropa Yayım Birliyində (EBU) Türkiyədən yalnız TRT üzvlük haqqına sahibdir. Və yaranan problemlər, o cümlədən bu nüfuzlu müsabiqənin siyasiləşdirilməsi, qondarma "erməni soyqırımı" kimi məsələlərin araşdırılması bilavasitə TRT-nin hüququdur. Azərbaycanda isə bu məsələlərə İctimai TV səlahiyyətlidir.



TRT-nin Bakı bürosunun rəhbəri Əmrah Timurçin Aktual.az-la növbəti telefon danışığında mövzunu gündəmdə saxladıqlarını, mütləq bu məsələyə reaksiya verəcəklərini deyib.


"Eurovision" Mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova isə saytımıza açıqlamasında dünya mətbuatında və eləcə də aktual.az-da işıqlandırılan bu məsələdən xəbərsiz olduğunu deyib: "Bu haqda hər hansı bir informasiyaya sahib deyiləm. Bu xəbərləri sizdən eşidirəm.Mən "Eurovision"un rəsmi saytına da baxmışam, amma orada ermənilərə xüsusi diqqətin şahidi olmamışam. Hətta bu yaxınlarda 27 ölkənin olduğu bir tədbirdə iştirak etdik. Həmin tədbirdə bizə daha çox diqqət göstərilirdi və Azərbaycanın favoritlər sırasında olduğu deyilirdi".

Məlumat üçün bildirək ki, martın 27-də "Mediaform" saytında "Avroviziya" proqnozu: Azərbaycana 4-cü, Ermənistana 1-ci yeri verirlər" başlıqlı xəbər dərc olunub. Bu linkdə xəbərin detalları ilə tanış olmaq olar. http://www.mediaforum.az/az/2014/03/27/Avroviziya-proqnozu-Az%C9%99rbaycana-4-c%C3%BC-Erm%C9%99nistana-031310858c00.html#.U0zu-fl_t3Q

Ermənistan təmsilçisi barədə geniş diqqətə layiq görülən məqalə isə müsabiqənin rəsmi saytında bu linkdə təqdim olunub: http://www.eurovision.tv/page/news?id=the_whole_story_behind_aram_mp3s_video_clip

Qeyd edək ki, mövzuya Azərbaycanın nüfuzlu incəsənət adamları və siyasət nümayəndələri də münasibət bildiriblər, lakin İTV nədənsə bu istiqamətdə səssizlik nümayiş etdirir. Ümid edirik ki, İctimai kanal bundan sonra məsələni diqqətdə saxlayar, Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət kəsb edən bu məqamın qarşısının alınmasında müəyyən tədbirlər görməyə cəhd edər.

Xatırladaq ki, "Eurovision- 2014" Mahnı müsabiqəsində Ermənistanın Aram Mp3 adlı təmsilçisi "Focus group"un mahnısını ifa edəcək. Azərbaycandan isə Dilarə Kazımova ölkəmizi təmsil edəcək.

AzNews.az