Nicat Kazımov ittihamlara cavab verdi – Rejissorların qalmaqalı böyüyür


Tanınmış rejissor Rövşən Almuradlının teatr sahəsində hökm sürən vəziyyətlə bağlı AzNews.az-a verdiyi müsahibədə səsləndirdiyi kəskin fikirlər bəzi sənət adamları, xüsusilə də onun ittihamına tuş gələn şəxslər tərəfindən etirazla qarşılanıb. R. Almuradlı tərəfindən ünvanına səsləndirilən ittihama cavab verən Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov AzNews.az-a açıqlamasında barəsində deyilənləri cəfəngiyat adlandırıb: "İndiyə qədər Akademik Milli Dram Teatrda dörd tamaşaya quruluş vermişəm. Bu yaxınlarda isə 5-ci tamaşaya quruluş verəcəyəm. Tamaşaların hər birinin haqqında tamaşaçı və teatrşünaslar öz rəylərini deyiblər və müsbət fikirdə olduqlarını söyləyiblər. O ki, qaldı mənim aktyorluğu bitirməyimə, Rövşən Almuradlının nəzərinə çatdırıram ki, əksər rejissorlar elə aktyorluqdan bu sənətə gəliblər".

N. Kazımov bildirib ki, o, 1996-cı ildən rejissor kimi tamaşalara quruluş verir: "Teatrda isə aktyor deyil, rejissor ştatında işləyirəm. Dəfələrlə rejissor kurslarında olmuşam. Böyük və tanınmış rejissorların əksəriyyəti sənətə aktyorluqdan başlayıblar. Məsələn, Mixayıl Çexov, Stanslavski, Bəxtiyar Xanızadə, Ağakişi Kazımov, Şarovski... Yalnız 5-6 nəfər sadalamaq olar ki, onlar sırf rejissor ixtisasına yiyələniblər".

Xatırladaq ki, rejissor Rövşən Almuradlı AzNews.az-a müsahibəsində Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımovun ünvanına kəskin ittiham səsləndirib: "Bu sənətin sirlərini bilməyən, rejissor diplomu olmayan, elmə yiyələnməyən adamlar Akademik Milli Dram Teatrının səhnəsində bir-birinin ardınca 4 tamaşaya quruluş verib. Məsələn, Nicat Kazımov. Bu şəxs aktyorluğu bitirib".

Bahar Rüstəmli
AzNews.az