“Cənnət Səlimovanın Allah başından basdı” “Cənnət Səlimovanın Allah başından basdı”

Əməkdar artist: “Fərda ilə Elməddin hələ sənətdə piyadadırlar”

“Cənnət Səlimovanın Allah başından basdı”



Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyevin AzNews.az-a müsahibəsi:

- Xalq şairi Nəriman Həsənzadə teatrları tənqid atəşinə tutub, "teatrlarda tamaşaçı axını çox zəifdir"- deyib. Bu fikirlərlə razısınız?

- Teatra tamaşaçı axını təşkil eləmək üçün bir yol var - repertuara salınan əsərlərdə tamaşaçıların sevdiyi aktyorlara rol vermək, vəssalam. Daha mən tamaşaçıların sevdiyi aktyorlar deyəndə Fərda ilə Elməddini nəzərdə tutmuram.

- Fərda ilə Elməddini teatr aktyorlarından fərqləndirən nədir?

- Çünki onlar sənətdə piyada insanlardır. Mən bunu tam səmimiyyətlə deyirəm. Azərbaycanın doğrudan da həsrət aparılası aktyorları var. Rejissorlar həmin aktyorlar üçün tamaşalar hazırlamaq və bununla da teatra tamaşaçı axınını təşkil etməlidilər. Elə etmək lazımdır ki, zallarımız boş qalmasın.

- Bunu hər teatrın yeni mövsüm açılışında deyirsiniz. Amma nəticə gözə dəymir...

-Teatra tamaşaçını gətirmək lazım deyil. Sadəcə olaraq, keyfiyyətli tamaşalar hazırlamaq və istedadlı aktyorlardan istifadə etmək lazımdır. Bir də ki, tamaşaçını gətirmirlər. Tamaşaçı öz istəyilə teatra gəlir, pulunu verib, bilet alıb tamaşalara baxmalıdır. Tamaşaçı teatrdan uzaq düşməyib. Bunu deyənlər Gənc Tamaşaçılar Teatrının qapısından necə dəfə içəri girib? Neçə dəfə bilet kassasına yaxınlaşıb? Teatra gəlməyən adam bu barədə danışmasın, danışmasın. Biz bu barədə danışan bütün insanların teatrla əlaqələrini aydınlaşdırırıq. Həmin adam axırıncı dəfə hansı teatrda olub? Hansı tamaşaya baxıb. Nəticədə məlum olur ki, həmin adam heç teatrın qapısını tanımır. İndi baxın ki, teatr barəsində fikir yürüdənlər kimlərdir.

- Etiraf edək ki, bu gün cibinin pulu ilə bilet alıb teatra gələn tamaşaçılar azdır?

- Bəli. Bu faktdır. Əlbəttə ki, tamaşalar zəif, səviyyəsiz olanda tamaşaçı teatra gəlməyəcək. Mən aktyoram. Hər bir kəsin səhvini gördüyüm halda özümüzünküləri niyə deməməliyəm. Zəif tamaşalar var. Bunu görən tamaşaçı 10 manatından bir dəfə keçəcək. İkinci dəfə onu öldürsən də cibinin pulunu tamaşa biletinə xərcləməyəcək. Nəyinə lazımdır? Qarnından, ağzından kəsə. Elə bu pulu çörəyə verər də…

- Aktyorların bir ittifaqdan qopub, digərinə birləşməsini xəyanət adlandırmaq olar?

- Rüstəm müəllim kimi Şəfiqə xanım da böyük şəxsiyyətdir. Mənə belə gəlir ki, nə yaranırsa-yaransın bu ancaq Azərbaycan mədəniyyətinin inkişafı naminə edilir. Elə şeylər var ki, hələ dəqiq aydınlaşmayıb.

- Bu gün kimə hansı aktyora "tribuna" verilirsə, inkişaf deyib durur. Söhbət hansı inkişafdan gedir?

- Hər şey pulun başındadır. Ötən mövsümdə Gənc Tamaşaçılar Teatrı bir necə ölkəyə qastrol səfərinə yollandı. Əlbəttə ki, Cənnət xanımın tamaşaları ilə. Kənardan deyirlər ki, teatrın kollektivinin bir hissəsi narahatçılıq içərisindədir. Amma onların narahatçılıq keçirmələrinə əsas da yoxdur. Onlar başqa millətin deyil, bizim xalqın nümayəndəsidir. Qoy onlar bilsin ki, biz heç bir kollektivə yad gözlə baxmamışıq, baxmarıq da. Bəla bilirsiniz nədir? Biz öz xalqımızın ruhunu bəyənməməyimiz. Bəyənməmək, başdan aşağı basmaq, paxıllıq xalqın ruhunda olan bir şeydir. Həmişə özgələrini tərifləyib irəli çəkirik, qonaqlara yuxarı başda yer verib, özümüzünkülərin isə başından basırıq.

- Bəlkə elə buna görə, əcnəbi rejissorlar teatrları zəbt edib?

- Həmişə belə olub. Və olacaq da.

- Əcnəbi rejissorlardan biri də Gənc Tamaşaçılar Teatrına gəlmişdi?

- Hə, Belarusiyadan biri gəlmişdi.

- Səhv etmirəmsə, rejissorluqdan çox aktyorların başının üstündə dirijorluq etdi, Sizə master-klas dərsi keçdi...

- Belə bir şey oldu. Mən o master-klas dərsinə getmədim.

- Səbəbini bilmək olar?

- Allah rəhmət eləsin, Təhmasibə. Onun kimi bir sənətkardan dərs almışam. Məni vadar edirsiniz deməyə: bu saat yaşımın elə vaxtıdır ki, mən elə adamlara master-klas keçərəm.

- Amma master-klas dərsinə gedənlər oldu?

- Bəli, biz heç zaman öz şirəmizdə bişə bilmirik. Amma başqa teatrlardan öyrənməliyik ki, görək onlarda nə var, nə yox.

- Bəs, Azərbaycan teatrlarından əcnəbilərə master-klas keçənlər var?

- Nicat Kazımov iki il bundan əvvəl Belarusda tamaşa hazırladı.

- Tamaşa hazırlamaq başqa, master-klas keçmək bir başqa…

- Əvvəla biz hələ master-klas dərsləri keçməyə hələ çatmamışıq. Azərpaşa müəllim Moskvada, yaxud da Leninqradda olanda master-klas keçdi. Mərhum rejissor Vaqif İbrahimoğlu master-klas keçib. Biz bir-birimizi bəyənmədiyimizə görə, bu günə qalmışıq. Bir- birimizə qənim kəsilmişik.

- Etiraf edək ki, Gənc Tamaşaçılar Teatrından çox bir-birinə qənim kəsilən yoxdur?

- Xeyir, elə deyil. Sadəcə olaraq, son dövrlərdə Gənc Tamaşaçılar Teatrının aktyorları bəzi adamların hikkələrinə dözə bilmədi. Bir az ağartdılar, bir az qabartdılar. Bəlkə də düz etdilər. belə olmasaydı, bizi qovacaqdılar, ya da özümüz gedəcəkdik.

- Səsinizi çıxarmasaydınız, uğur əldə edə bilməyəcəkdiniz?

- Təbii, Cənnət xanıma heç nə edə bilməyəcəkdik. Yaradan deyilən bir varlıq var. İnsan əndazədən çıxanda yaradan başından basır. Deyir indi get gör, dünya sənin üçün hansı rəngdə görsənir?

- Cənnət Səlimova üçün bu dünya hazırda hansı rəngdədir?

- Qapqara. Amma mən bunu ona arzu etməzdim. Ən azı qadındı. İnsan yaşadığı həyatda bir balaca ətrafına baxmalıdır. Bu dünyanın rəngini görməlidir. Heç bir vaxt başqalarına əziyyət verməkdən heyziyab olmamalıdır. Cənnət xanımın ürəyində ərindən başqa heç kimə yer olmayıb. İnsanın isti yeri əlindən alınanda hansı hissləri keçirər? İndi Cənnət xanım da belə hisslərdən yaşayır?

Bahar Rüstəmli
AzNews.az-a