Tarzən Ramiz Quliyevin İtaliyada diski buraxılacaq

Xalq artisti, tarzən Ramiz Quliyevin İtaliyada YUNESKO-nun sifarişi ilə diski işıq üzü görəcək. Bu barədə AzNews.az-a R. Quliyevin özü məlumat verib: "Diskim Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə buraxılacaq. Bu xəbəri eşidəndə çox sevindim. Layihənin prodüseri YUNESKO-nun Azərbaycan təmsilçisi Sənubər Bağırovadır. Diskdə rəngarəng musiqilər yer alıb. Onlar arasında muğamlar, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri var".

Tarzən gələcək planlarından da danışdı. Onun sözlərinə görə, oğlu Əyyub Quliyevlə birlikdə bir neçə layihəyə imza atıblar: "Əyyubla bizim bir neçə solo konsert proqramlarımız var. Konsertlər Azərbaycan Dövlət Simfonik Orkestri, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçiriləcək. Bundan başqa, xarici ölkələrə qastrol səfərlərimiz nəzərdə tutulub. Biz bu konsertlərin hər birində yeni ifalar, əsərlər səsləndirəcəyik".

Bahar
AzNews.az