Pərviz Cəbrayıl: “19 üzvün hamısı ədalətsiz olmayacaq ki...”

Şair Adil Mirseyid müsahibələrinin birində Milli Kitab Mükafatı ilə bağlı sərt açıqlama verib: "Mənim belə müsabiqələrə inamım çox azdır. İnanmıram ki, onlar obyektiv ola bilərlər. Çünki belə müsabiqələrdə dəfələrlə görmüşəm ki, təltif edəcəkləri şəxsləri əvvəlcədən müəyyən edirlər. Sonra müsabiqə elan edirlər. Mən deyim ki, əgər obyektiv olsaydılar, bəlkə də kitabı təqdim edərdim, amma mən onların obyektivliyinə o qədər də inanmıram".

Milli Kitab Mükafatının münsif üzvü, yazıçı Pərviz Cəbrayıl AzNews.az-a açıqlamasında hər kəsin öz fikrini bildirmək hüququnun olduğunu bildirsə də, bunları əlavə elədi: "Milli Kitab Mükafatının qalibi olanda şəxsən Adil Mirseyid məni təbrik edənlərdən biri olub. O, mənə haqqın qələbə çaldığına sevindiyini dedi. O ki qaldı inamsızlığa, Azərbaycanda bu normal bir şeydir. Nəinki ədəbiyyatda, müsabiqələrdə, bütün cəmiyyət boyu inamsızlıq hökm sürür. İnsanların bir-birinə qarşı münasibəti göz qarşısındadır. Bu, ədəbiyyata da sirayət edib. Əlbəttə, heç bir müsabiqədə yüz faiz obyektiv olmaq mümkün deyil. Hər kəsi eyni dərəcədə razı salmaq olmaz. Xüsusən də ədəbiyyat adamlarını. Nəzərə alanda ki, hər kəs özünü birinci yerdə görür, onda iş daha da çətin olur. O ki, qaldı bizim, yəni münsiflər heyətinin obyektiv olmayacağı fikrinə, bu bir az şübhəli görünür. O, MKM-dəki münsiflərin qeyri-obyektivliyini nədə gördü? Zənnimcə, indiyəcən bu müsabiqəyə qatılmayıb axı. Qatılmadan müsabiqənin qeyri-obyektiv olacağını necə müəyyən etmək olar? Düzdü, ötən dəfə müsabiqəyə qatılanda mən də inamsız olmuşam. Hətta demişdim ki, bir dəfə də ümidsiz yaşamağın dadını çıxaraq. Yəni, ümidsiz şəkildə kitabımı Milli Kitab Mükafatına təqdim etdim. Adil dostuma da məsləhət görərdim ki, kitabı varsa, təqdim eləsin. Münsiflərin içində tanınmış, sanballı, obyektivliyi şübhə doğurmayan insanlar var. İnanmıram ki, onlar qeyri-obyektiv qərar versinlər. Yəni münsiflərin 19 üzvünün hamısı ədalətsiz olmayacaq ki... Bunların 19-na da ucdantutma ədalətsiz demək o qədər də normal deyil".

Bahar
AzNews.az