Təhsil almaq istəyən gənclərimizin Facebook sərgüzəştləri

Dünən cəbhədəki gərginliklə bağlı Facebook sosial şəbəkəsində səhifələri nəzərdən keçirirkən təsadüfən "Azərbaycan Universitetləri" səhifəsində bir reytinq cədvəli ilə rastlaşdım. Sözün düzü hər zaman Azərbaycan təhsilinin problemləri ilə maraqlanan biri olduğum üçün təhsildən çox-çox uzaq olan bir şəxsin müəyyən Azərbaycan universitetlərini "qara siyahı"ya salması mənə maraqlı göründü. "Qara siyahı" ilə tanış olduqda bəzi, həqiqətən də böyük nüfuza və kifayət qədər effektiv fəaliyyətə malik universitetlərin həmin siyahıda yer almasına təəccübləndim. Amma səhifədə xarici universitetlərdə təhsil barədə reklam xarakterli məlumatların yayılması əsas mətləbləri anlatdı və araşdırmaya başladıq...



(Bu reklam screenshotu təhqiqat aparılan müddətdə səhifənin adminstratoru tərəfindən silinib. Bu, şəklin bir neçə gün öncə götürülmüş surətidir)

(21 günlük kursa tələbələrimizi 3500-ə satır)

Təhsilimizin "təəssübkeşi" kimdir?


Əvvəlcə, özündən mənbəyi bilinməyən reytinq cədvəli tərtib etmiş bir şəxsin kimliyinin ictimaiyyəti maraqlandıracağını düşünüb bu "böyük təəssübkeşi" tanıdaq: Zöhrab Süleyman, Facebook-da "Azərbaycan Universitetləri" səhifəsinin admini. Özünə "boz kardinal" da deyir (nə məqsədlə bilinmir). Guya Oxfordda oxuyur. Hər halda yazışmalarda özünü belə qələmə verir. Amma dəqiq bilirik ki, oranın, necə deyərlər yolunu belə tanımır (əslində isə Sumqayıtda oxuyub, deməli, qızarmadan yalan danışmağı bacarır). Təhsil məsələlərindən, müasir təhsilin

problemlərindən də danışmaq üçün mütəxəssis kimi heç bir statusa malik deyil, bu sahədə təcrübəsi isə əsla yoxdur. Çünki dediyi kimi, əsas məqsədi Facebook-dan pul qazanmaqdır. "Kommersiyadan bir növ başın çıxmalıdır, bu mənim ixtisasım olduğu üçün çox da çətinliyim yoxdur" deyə müsahibə verir və onun üçün Facebook-dan pul qazanmağın asan olduğunu etiraf edir. Əlbəttə, etiraf etdiyi kimi Zöhrab Süleyman kommersantdır, təhsil sahəsinə, Azərbaycan universitetlərinə zərrə qədər də aidiyyəti yoxdur. Buna deyirlər avantüra. Danışdığı və yazdığı sahədən heç bir potensialı olmayan şəxs Azərbaycanın ali təhsil ocaqları barədə (təhsil sferasının hər bir ölkə üçün strateji əhəmiyyəti məlumdur), bununla birlikdə ali təhsil sahəsində çalışan minlərlə vicdanlı, təəssübkeş alim, professor heyəti (təmiz vicdanlı, ləkəsiz alimlər ölkədə kifayət qədərdir) haqqında yaşına, təcrübəsinə, intellektinə uyğun olmayan yanlış və təhqir dolu vicdansız şərhlər verir. Nəticədə bir şəxsin avantürası abituriyentlərin, bütövlükdə tələbə olmaq istəyən gəncliyin şüurunu darmadağın edir, ölkənin ali məktəblərinin nüfuzunu ədalətsiz şəkildə yerə vurur. Bəlkə bu "diribaş" oğlan doğrudan da gənclərimizin təəssübünü çəkir, onların hüquqlarının, təhsilinin, necə deyərlər "dərdini çəkir"?

"Leytenant Şmidtin və Ostap Benderin nəvəsi"

Bir az araşdırmaq qərarına gəldik məsələni. Nə yaxşı belə bir Robin Qud peyda olub təhsilimizdə. Araşdırmamız gözləntilərimizi həmin saat puç etdi, Robin Qudu yox, Ostap Bender və Leytenant Şmidtin nəvəsini gördük. (Tarixdə Leytenant Şmidt adlı dəniz zabiti yararsızlığına və psixi pozuntularına görə hərbi donanmada özünə yer tapa bilməyib, sonunda gedib inqilabçı olub. Başı çıxmadığı yerə özünü soxduğuna görə belə adamlara sonradan "deti Leytenanta Şmidta" deyiblər və bu ifadə indi də məşhurdur). Bu binəvaya məsləhət görülür ki, XX əsrin 30-cu illərinin məşhur satirik yazıçıları İlya İlf və Yevqeni Petrovun 12 stul romanını oxusun, özünü görəcək. Həqiqətən də təhsilimizdə Leytenant Şmidtin və Ostap Benderin nəvəsi peyda olub. Bu nəvə də guya fədakarlıq göstərir, "təhsilin qayğısına qalır", eyni zamanda da avantüra ilə məşğuldur, müxtəlif kombinasiyalarla Azərbaycanın ali təhsil ocaqları ilə spekulyasiya edir. Necə deyərlər, Ostap Bender kimi min bir hiyləyə əl ataraq 12 stulda xəzinə axtarışına çıxıb "qəhrəmanımız".

Əvvəlcə Ostap Benderin yeni nəvəsinin facebook fırıldağının mahiyyəti barədə. Deməli, Zöhrab Süleyman müsahibə verib deyir ki, "facebook böyük bir biznesdir, anlayışı olan yaxşı pul qazana bilər... Amma əgər qazanmaq istəyirsənsə xərcləməlisən, səhifənin reytinqini qaldırmaq üçün bir az əlin cibində olmalıdır". Öyrəndik ki, yeni nəvə Ostap babasının ənənəsinə sadiq qalaraq böyük kombinasiya işlədib. Səhifənin layklarının (like-bəyənmə) sayını süni surətdə artırmaq üçün, bəli məhz süni surətdə artırmaq üçün əlini cibinə salıb və Facebook-un özünə bir müddət pul ödəməklə səhifəni reklam etdirib. Eyni zamanda hər 1000 layk üçün digər səhifə adminləri ilə sövdələşməyə girərək onlara da para xərcləyib. (İndi bildiniz 121 min layk necə qazanılıb? Halbuki Təhsil Nazirliyinin facebook səhifəsinin laykı cəmi 37 mindir. Bərəkallah bu "diribaş" oğlana, özünü 1 nazir qədər deyil, 4 nazir qədər tutur.) Beləliklə,

böyük kombinator saxta yollarla Azərbaycanın ali təhsil ocaqlarını, abituriyentləri, tələbə olmaq istəyən gəncləri özünün qeyri-sağlam ambisiyasına qurban verərək spekulyasiya obyektinə çevirib. "Qazanmaq vaxt tələb edir" deyərək başlayıb ayrı-ayrı universitetləri qamarlamağa və onları gözdən salmaq üçün kampaniya aparmağa...



Azərbaycan təhsilini piştaxtaya çıxaran "diribaş" möhtəkir

Yuxarıda yazdığımız kimi, düşünmək olardı ki, bu "diribaş" oğlan Azərbaycan təhsilinin təəssübünü çəkir, qüsurlarını üzə çıxardır, bu yaxşı işdir özlüyündə. Qüsuru üzə çıxardarsan, səhvə yol verən səhvini düzəldər. Amma bir az dərinə getdikdə, əl atılan hiylələrin mahiyyətinə vardıqda görürük ki, bu

təəssübkeş pərdənin altından dəyərlərə, prinsiplərə məhəl qoymayan hiyləgər, həyasız, intriqant bir möhtəkir çıxır. Bu şəxsin reklam biznesinin strategiyasının bir hissəsi minlərlə adam oxuyan, işləyən universitetlərin ləyaqətini tapdaq altında qoyur. Fikir verin, yazışmalarda tələbələr deyir ki, bizdə rüşvət yoxdur. Amma admin üçün bu maraqlı deyil, susur: rüşvət var ya yoxdur. Maraqlı olan alverdir, universitet alveri, tələbə alveri, mənəviyyat alveri, vicdan alveri və daha nələr... Yazdıqlarına onun səhifəsində etiraz edən gənclərə bu "diribaş" bildirir ki, filan universitetdən çoxlu şikayət daxil olub. Saf amalı olan kəs şikayətə görə həmin təhsil müəssisəsinə müraciət edər, şikayətin araşdırılmasını istəyər. Bu da olar təhsilə töhfə. Amma bu "diribaş" nə edir? Özündən başqa heç kimin görmədiyi saxta şikayəti şantaj vasitəsinə çevirir. Yenə də günümüzün Ostap Benderlərini, Leytenant Şmidtin nəvələrini görürük...

Artıq böyük-böyük təhsil ocaqları şantaj olunur, təhqir edilir, hətta səhifənin iştirakçılarının rəyi nəzərə alınmadan bir avantüristin hazırladığı reytinq cədvəlləri tərtib edilir. Deməli, bütün bunlar məqsədlidir və Zöhrab Süleyman səhifədə qoyulan reklamların əsiridir. Paraya-pula hərislik bu şəxsi o qədər mütiləşdirir ki, bu boyda ölkənin təhsili də, gənci də, tələbəsi də ayaqlar altına atılır.

Bir məqama xüsusilə diqqət yetirilməlidir. Bu şəxs xüsusən də qəbul dövrlərində Azərbaycan universitetlərini qaralama kampaniyasını bilərəkdən fəallaşdırır. Bunu ona görə edir ki, yüksək bal toplaya bilmədiyinə görə ödənişsiz yerlərə düşməyən abituriyentlərin ödənişli yerlərə düşməsinin qarşısını alsın, özünə müştəri bazası yaratsın və həmin gəncləri Türkiyənin az qala qəsəbə universitetlərinə satıb pul qazansın. Yəni bir "diribaş" oğlan Azərbaycan təhsilini bazarda badımcan satan kimi satır. "Türkiyə universitetlərinə yalnız attestatla qəbul"u reklam edərək deyir: bir yer qaldı, iki yer qaldı...Tələbələrin hər birini 5-10 minə satır. Elə bilirsən təzə bazarın piştaxtasındasan!



Attestatla qəbul! Necə olur ki, Azərbaycan dövlətinin tanıdığı, Qəbul Komissiyasının ələkdən keçirdiyi, müəyyən bal verdiyi tələbə hansısa universitetə düşübsə bu pisdir, attestat əsasında heç bir seçim keçmədən, pulunu əlindən alıb Türkiyənin hansısa əyalət universitetinə satmağın yaxşıdır? Özü də, nə bilim ən geridə qalmış qəsəbə və kənd universitetləri... Bartın, Səlcuq, Pamukkale,

Çukurova və s. Bu azmış kimi reklamı sifariş verən xanım əfəndi (Türkiyə Universitetlərinin qəbulunu sifariş edən türkiyəli qadındır. İnkişaf edən universitetləri konkret qaralamaqla məşğul olur. Buna baxmayaraq bir müəllif kimi hələlik xanım əfəndinin adını açıqlamırıq, onun aşağı səviyyəli davranışını ondan fərqli olaraq biz nümayiş etdirmək istəmirik). Azərbaycan Universitetlərinin ünvanına təhqirlər yağdırmağı, qara kampaniya təşkil etməyi də sifariş edir. Xanım əfəndi, əgər varındırsa bir vicdanına qulaq as.





(Tələbələrin hər birini 5-10 minə satır)

Qeyd: Diqqət çəkən bir məsələ də odur ki, təhqiqat apardığımız müddətdə duyuq düşən bu şəxs başlıqlardan tələm-tələsik reklamları silib yığışdırdı (Ədəbsiz, məntiqsiz, düşük obraza sahib olduğunu başa düşdüyün üçün yığışdırmağa məcbur olubsan? Nədir, anladın ki, gəncləri badımcan kimi satmaqla məşğulsan? Deməli natəmiz işlə məşğul olduğunu özün də bilirmişsən). Amma səhifənin bir az dərininə getdikdə, şəkillərdən də aydın olan, heç olmasa yalançı etika pərdəsi ilə örtülməyən təhsil sahəsindəki bazar reklamına rast gəldik. Bir sözlə, bu şəxs Azərbaycanın rəqabət haqqındakı qanununu pozaraq primitiv şəkildə öz biznesini qurmağa çalışır. Yazıq onun toruna düşən gənclərimizə!

Azərbaycan Universitetlərinin virtual rektoru



Çox da pafoslu səslənmir deyilmi, çünki artıq şişib, dolub, hətta böyüyüb də. Mister Zöhrab Süleyman instagramda açdığı (qeyd: instagramda facebook-da satın aldığı 120 min laykı yoxdur, bu da onun real çəkisini və nüfuz dairəsini göstərir) "Azərbaycan Universitetləri" səhifəsində özünə şəklinin altında belə ad qoyub: "Azərbaycan universitetlərinin virtual rektoru adını qazanmış Zöhrab Süleyman".

Olsun, özü bilər, amma bu "cənabı" yıxsa elə bu təkkəbbürlüyü, bir də reketliyi yıxacaq. Yazır ki, "Əjdahayam. Demişdim Odlar yurdu universitetinin rektoruna od qoyacam? Dediyimi etdim, sonunda təslim oldu. Milli Qəhrəmanın qızı təhsil haqqından azad edildi." Açıq reketlikdir. Əhsən sənə, sosial mediada da reketçiliyin əsasını sən qoydun!





Başa düşdük, reketçiliklə rektoru təhdid edib, aşağılayıb özünə reytinq qazandın. Əlbəttə ki, yalnız öz reytinqinin xatirinə etmisən bunu, Milli Qəhrəmanın övladı vecinə də deyil. Öz səhifəndə gəncləri kütləvi şəkildə Türkiyə universitetlərinə göndərib pul qazanırsan və həmin rektordan daha primitiv şəkildə təhsili istismar edirsən. Yəni Azərbaycandakı ən pis universitetdən təhsilimizi daha pis şəkildə istismar edərək pul qazanırsan. Elə isə niyə zəhmət çəkib qazandıqlarının hesabına elə həmin Milli Qəhrəmanın qızını pulsuz oxumağa göndərmirsən? Əgər təhsili satıb pul qazanan sən bunu etmirsənsə, hansısa rektoru şantaj edib ondan bunu hansı mənəvi haqla tələb edirsən? Əgər kimdənsə özünü yaxşı sayırsansa öz əməlinlə bunu təsdiqləməlisən. Amma yenə də deyirik, Milli Qəhrəmanın qızının taleyi sənə qətiyyən maraqlı deyil. Reytinq aşiqi kimi daha uca görünmək üçün Milli Qəhrəmanın qızı sənin ayağının altına qoyduğun kərpicdir.

Şərh əvvəli nəticə: əksər çoxumuz Azərbaycan təhsil ocaqlarının şinelindən çıxmışıq. Onları tənqid etmək olar, amma məsxərəyə qoyub təhqir etmək vicdansızlıqdır.

Milli Təhlükəsizliyə təhdid

Heç kimə sirr deyil ki, uzun illərdir Azərbaycanda bir qrup işbaz və dini sektalarla əlaqəli adamlar tək attestat vasitəsi ilə xarici ölkələrdə, xüsusən də Türkiyədə təhsil ala bilmək adı altında gənclərimizi xaricə aparırlar. Həmin təhsil ocaqlarının bir hissəsində isə gənclərimizin beynini yuyur və onları radikal dini cərəyanlara cəlb edirlər. Bu gün Suriyada və İraqda döyüşən radikal islamçıların arasında azərbaycanlıların olmasının əsas səbəblərindən biri də məhz gənclərimizin xaricdə ali təhsil almaq adı altında xaricə aparılmasıdır. Xaricə asan təhsil almaq adı altında gedənlərin böyük bir qismi isə radikal dini cərəyanlara qoşulur və beynəlxalq terror qruplaşmlarının fəallarına çevrilirlər.

Ən azından peşəkar təhsil mütəxəssisi olmayan hansısa şəxslərin və ya Zöhrab Süleyman adlı şəxsin konkret heç bir rəsmi qaynaqlara istinad etmədən bir sıra nüfuzlu və kifayət qədər effektli fəaliyyət göstərən universitetləri "qara siyahı"ya salması sadəcə gülüncdür. TQDK-nın keçirdiyi test imtahanlarının və müsabiqənin nəticəsinin rəsmi elan edildiyi, tələbələrin universitetlərə seçim etdiyi bir vaxtda, administratoru Zöhrab Süleyman olan "Azərbaycan Universitetləri" adlı internet səhifəsində inzibatçının birbaşa təşəbbüsu ilə ölkənin təhsil müəssisələrinə qarşı qərəzli, qeyri-obyektiv və heç bir fakta əsaslanmayan qara piar kampaniyası aparılır. Zöhrab Süleyman adlı bir kəs real faktlara və mənbələrə istinad etmədən yalançı, saxta reytinq cədvəli tərtib edir və təbii ki, nəticədə onun havadarlarının hesabladığı kimi abituriyentlərdə çaşqınlıq yaranır, ölkəmiz barəsində, təhsil müəssisələri barədə onlarda səhv və dağıdıcı fikirlər formalaşdırılır.

Belə şəxslərin, konkret olaraq Zöhrab Süleyman adlı birisinin kütləvi internet resurslarında "peşəkar təhsil eksperti" kimi çıxış etməsi elə gülünc olduğu qədər də acınacaqlı məsələdir. Çünki, birilərinin Azərbaycanın təhsil ocaqları haqqında qərəzli şəkildə qaralama kampaniyası aparması həm hüquqa, həm də mənəvi dəyərlərə ziddir. Və bu tipli məlumatların internet resurslarında yayılması hüquqi məsuliyyətlə ölçülməlidir.

Məsələnin aktuallığı həm də ondan ibarətdir ki, radikal dini qruplar internet resursları vasitəsi ilə Azərbaycanın təhsil sisteminə ağır zərbələr vururlar. Belə ki, böyük internet səhifələri vasitəsi ilə Azərbaycanın ali məktəblərinə qarayaxmaqla və Azərbaycan təhsilinin nüfuzunu aşağı salmaqla gənclərimizi öz torlarına salır və bu gəncləri özlərinin müridlərinə çevirirlər.

Çox təəssüflə qeyd etməliyik ki, son illərdə xaricdə təhsil imkanları təqdim edən şəbəkələr sürətlə artmaqdadır. Bu da Suriya və İraqda başlanmış müharibə ilə birbaşa əlaqəlidir. Ona görə də yaxşı olardı ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri Azərbaycanın gələcəyinə birbaşa təhlükə törədən bu şəbəkəyə qarşı mübarizəni daha da gücləndirsin.

Azərbaycanda nurçuların hansı şəbəkəyə sahib olması barədə son zamanlar mətbuatda kifayət qədər məlumatlar dərc olunub və nurçulara aid olan bir çox təhsil ocaqları bağlanıb. Bütün bunlar təbii ki, milli təhlükəsizlik naminə həyata keçirilib və keçirilməkdədir. Həmin gənclərin böyük bir qismi isə xarici qüvvələrin, xüsusən də radikal dini cərəyanların və beynəlxalq terrorizmin fəallarına çevrilirlər.

Ona görə də, həm gənclərimiz açıqgözlü olmalı, həm də dövlət qurumları bu tipli qrupları ifşa etmək üçün bütün imkanlarını səfərbər etməlidirlər. Unutmamalıyıq ki, bu məsələ həmçinin bir milli təhlükəsizlik məsələsidir. Çünki hansısa bir qrup radikal dini cərəyanın təsiri altında həm reklam, həm də antireklam kampaniyası aparır. Necə? Yazir ki, orta məktəb attestatı ilə birbaşa Türkiyənin ali məktəblərinə qəbul mümkündür. Belə bir şübhə yaranır ki, bütün bunlar bu yaxınlaradək Azərbaycanda da təhsil müəssisələri şəbəkəsi olan və sonradan məlum səbəblərdən ləğv edilən hamımıza məlum bir dini cərəyanın Azərbaycan gənclərini cəlb etmək üçün hazırladığı növbəti plandır, Azərbaycandan kənarda təhsil almaq adıyla gənclərin həmin dini cərəyanın təsir dairəsinə salması məqsədi daşıyır. Faktiki olaraq xarici qüvvələrlə əlbir olan bu qrup, bir az da konkretləşdirsək Zöhrab Süleyman ölkənin təhsil müəssisələrini böhtan xarakterli saxta dəlillərlə qaralamaqla bütövlükdə Azərbaycan dövlətinin təhsil konsepsiyasına qara yaxır, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən bütün irimiqyaslı tədbirlərə kölgə salır.

Təhsil Nazirliyinin bu günə qədər xaricdə təhsil sektorunu ayrı-ayrı adamların və qrupların biznes maraqlarına tabe etdirməsi və bu acınacaqlı vəziyyətə dözməsi isə yolverilməzdir. Ən azından Təhsil Nazirliyi xaricdə təhsil üçün müəyyən bir kvota hazırlamalı və universitetləri özü seçməlidir. Və xaricdə təhsil alan tələbələr birbaşa Təhsil Nazirliyinin nəzarəti altında olmalıdır. Hazırda isə bu sahədə tam bir anarxiya hökm sürməkdədir. İstənilən şəxsin Azərbaycanda xarici universitetlərə qəbul üçün ərizələr toplaması isə biabırçılıqdan başqa bir şey deyil.

Hüquqi iflasa aparan yol

Onu da qeyd edək ki, sosial mediada bu tipli məlumatların yayılması, bir şəxs və ya bir qrupun, daha konkret desək sözügedən qruplaşmanın üzdə olan nümayəndəsi və səhifənin adminstratoru olan Zöhrab Süleymanın Azərbaycan universitetlərinin işgüzar nüfuzuna açıq-aydın xələl gətirən bəyanat xarakterli çıxışları, mənbəyi bilinməyən saxta reytinq cədvəli düzəltməsi Azərbaycan qanunvericiliyinə birbaşa ziddir. Çünki "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılmasına, rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanmasına yol verilib. Eyni zamanda "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən bazar subyektlərinin, əmtəənin istehlakçısını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir. Belə olan halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında" Əsasnamənin 9-cu maddəsinə əsasən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yolverilməz reklam vasitəsilə satıcılar, istehsalçılar və reklamçılar tərəfindən istehlakçıların aldadılmasının qarşısını almaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür və belə reklamların yayımının dayandırılması üçün aidiyyəti təşkilatlara icrası məcburi olan göstərişlər verir. Yəni Zöhrab Süleyman və onun daxil olduğu qrupun əməlləri artıq göz qabağındadır və onun hüquqi cəhətdən ifşa olunması güman ki, an məsələsidir.

Bir məsələ də həmişə diqqətə alınmalıdır ki, bu gün Azərbaycan dövlətinin milli təhlükəsizlik məsələsi təkcə Qarabağ məsələsindən ibarət deyil. Radikal və ölkəmiz üçün qeyri-ənənəvi olan dini cərəyanların gənclərimizi müxtəlif yollarla öz şəbəkələrinə çəkmələri də Azərbaycan dövlətçiliyi üçün əsas təhlükə mənbəyinə çevrilib. Bu gün sosial şəbəkələrdə hansısa qrupların Azərbaycanın ali təhsil

ocaqlarını qaralamaları birbaşa milli təhlükəsizlik məsələsidir və hər birimiz bu məsələdə diqqətli olmalıyıq. Valideynlər övladlarının bilinməyən xarici təhsil ocaqlarında yox, Azərbaycanın ali məktələrində təhsil almalarına çalışmalıdırlar. Azərbaycan ali məktəblərinin müəyyən qüsurları ola bilər. Amma önəmli olan valideynlərin övladlarının orta məktəblərdən savadlı böyümələrinə fikir verməsidir. Bu olarsa, yəni övladlarımız savadlı olarsa, o zaman təhsildəki nöqsanlar da zamanla ortadan qalxa bilər. Önəmli olan gənclərimizi xarici təsirdən qorumaq və onların potensialının dünyəvi Azərbaycan dövlətçiliyinə qarşı çevrilməsinin qarşısını almaqdır. Ona görə də xaricdə təhsil almaq üçün abituriyent qəbulu ancaq və ancaq TQDK-nın nəzarətinə verilməli və yalnız Təhsil Nazirliyinin xətti ilə abituriyentlər xaricdə təhsil almağa göndərilməlidir. Bu yolla biz həm övladlarımızı, həm də dövlətimizi qorumuş olarıq.(Modern.az)

AzNews.az