Serialların maliyyələşməsi kino sahəsində qalmaqal yaratdı

"Dərviş" Prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbarov AzNews.az-a müsahibəsində belə bir fikir səsləndirib: "Məndə belə bir xəbər var ki, serial çəkənlərə sosial problemləri çılpaqlığı ilə işıqlandırılmasına icazə vermirlər".

Məsələyə münasibət bildirən "Pozitiv media" şirkətinin istehsalı olan "Pərvanələrin rəqsi" teleserialının ssenari müəllifi Arzu Soltan AzNews.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, onların sosial problemləri işıqlandırmaq kimi məqsədləri yoxdur: "Biz qarşımıza belə bir məqsəd qoymamışıq. Sosial problemləri seriala gətirmək, orada canlandırmaq kimi niyyətimiz yoxdur. Bizim serial həyatı bir filmdir. O ki, qaldı, sosial problemləri seriala gətirmək, yaxud da gətirməmək ənənəsinə biz belə bir qadağa ilə qarşılaşmamışıq. Bu günə kimi hər hansı bir senzura ilə də üzləşməmişik".

Milli Televiziya və Radio Yayımı Şurası (MTRŞ) Aparatının rəhbəri Toğrul Məmmədov isə qeyd etdi ki, serial çəkilişlərində mövzu seçimləri ilə bağlı heç bir şirkətə, telekanala qadağa qoyulmayıb: "Mövzu seçimində qadağa yoxdur. Bu bir şayiədir. Yəqin ki, onlar bunu deyəndə serialın keyfiyyətini nəzərdə tuturlar. Əvvəl Türkiyədə də belə oldu. Yavaş-yavaş mərhələli şəkildə inkişaf getdi və bu səviyyəyə çatdı. İnanıram ki, yaxın vaxtlarda Azərbaycanda da belə olacaq. Bəlkə hələ Türkiyə səviyyəsindən də yuxarı qalxacaq. Türkiyənin neçə ilə keçdiyi yolu biz qısa zamanda addımlayacağıq".

Bahar Rüstəmli
AzNewş.az