09:43
(077) 610-22-33

50 yaşlı cavan - Rəşad Məcid

  • >
2 201 11 Avqust 2014 08:31 | Mədəniyyət

Vahid Qazi



Desəydilər ki, Rəşad Məcidin 70 yaşı olur, yaxud tamam əksinə, sabah 21 yaşa keçir, "21 yaşımla söhbət" şerini elə dünən yazıb, inanardım, mənə qəribə gəlməzdi.
Rəşadın 50 yaşı məndə ikili duyğu yaradır. Bir tərəfdə "50 yaşı hələ indi olur?" deyə qəribə sual, o biri yanda "nə tez 50 yaşı oldu?!" təəccübü var. Adamın inanmağı gəlmir.
70 yaş ona görə deyirəm ki, Rəşad həmişə yaşından böyük görünüb. Başqalarını bilmirəm, mənə belə görünüb.

Ağdamda yay axşamları hərdən evin taxtapuşuna çıxıb, isti damda uzanıb göyə, günəşin batmasına, Xıdırlı dağlarına, qonşuların həyətinə, bir də yola baxmağım vardı. O küçədən keçənlərin arasında məhlənin ən "qoca uğaşı" da olurdu. Onu böyük göstərən bəlkə də yuxarı sinifləri Bakıda, təmayül məktəbində oxumağa getməsiydi. O yaşda uzaq şəhərə oxumağa getmək, bizə əsgərliyə getmək kimi gəlirdi. Hələ hamıdan qabaq maşın sürməyi də onu gözümüzdə əməlli-başlı kişiləşdirmişdi.

Çox vaxt Bakıdan yaşca xeyli böyüklərlə gəlirdi. Mən bu adamları televizordan tanıyırdım. Onlar Rəşadgildə qalardı, Rəşad onları Şuşaya aparardı. O vaxt televizorda gördüyün adama küçədə rastlamaq qeyri-adi bir şey idi.

Mehman Cavadoğlunu ilk dəfə onlarda görüb elə bilmişdim ki, Ramiz Rövşəndi. Amma Sabir Rüstəmxanlını, Nüsrət Kəsəmənlini elə özlərinə oxşatmışdım. Ta Aqil Abbası demirəm, onlar elə mən tanıyandan bir yerdəydilər.

Sonra Bakıda da onu özündən yaşlı adamlarla gördüm. "Azneft" çayxanasına yığışan ölkənin tanınmış ədəbiyyat, mədəniyyət, elm adamlarını deyirəm. Məsələn, Aydın Məmmədovu deyirəm, o Aydın Məmmədov ki, dövrünün elmi-ədəbi elitası onu brend kimi qəbul eləmişdi. O da 25 yaşlı Rəşadı təzəcə yaranan Tərcümə Mərkəzində özünə müavin götürmüşdü.

Kimlərlə oturmağından asılı olmayaraq; çay stolunda, yemək məclisində həmişə hesabı Rəşadın verdiyini gördüm. Hamı onu "üstünə diləyə gediləcək" adam kimi tanıdı. Tanıyan güvənli biri təki onunla dost olmaq istədi.

Mənim üçün Rəşad, bax, hələ o vaxt 50 yaşındaydı.

* * *
21 yaş ona görə deyirəm ki, Rəşadı tanıyıram! Onu ən azından mənim qədər tanıyan bilir ki, illərin dəyişdiyi Rəşadın o üzündəki Rəşad həmişə "yaşının yaşıl çağı"nda, elə 21 yaşındadı.

Rəşad ilk baxışda kiməsə kobud da görünər. Yekəxana, eqoist də. Bir dəfə bir toyda Brilyant Dadaşova çıxış edib yerinə qayıdan Rəşada bu konteksdə söz atmışdı. Amma o hardan biləydi ki, ona kobud görünən bu adamın içində kövrək, bir kəlmə sözdən yuxalan ürək döyünür. Tanımırdı, ona görə.

Bəlkə də içindəki həmişəcavan şairdi onu gənclərlə əhatələyən. "525-ci qəzet"in ilk sayında gənclərə çağırış eləməsi, sonrakı illərdə, onlarla, yüzlərlə gəncə yaradıcılıq meydanı verməsi, gənc yazarlarla iş üzrə Yazıçılar Birliyinə rəsmi işə qəbul edilməsi də elə ordan gəlir.

Küçədə əlindəki neft dolu butulkayla ehtiyatsız davranıb özünü yandıran bir uşağı o vaxtın ən bahalı "layka" plaşına büküb söndürməsini xatırlayıram. 1980-ci illərin bir yağışlı günündə onu plaşsız görüb təəccüblənəndə danışmışdı bu hadisəni.

Rəşadın nə qədər adamın həyatını dəyişməyinə şahidəm. Neçə adam ona görə ailə qurub, iş tapıb, sənətə gəlib, depressiyadan çıxıb, qanad açıb ruhlanıb, ilhamlanıb, sevgi dadıb.
Rəşad Məcidlə bölüşmədiyimiz çox fikirlər ola bilər, mübahisə mövzularımız az olmayıb, amma bu, heç vaxt dostluğumuza kölgə salacaq həddə çatmayıb.
Qardaşı olanlar qardaş qədrini nə qədər bilir, deyə bilmərəm. Amma olmayan adama elə gəlir ki, qardaşı olsaydı, ona ikiqat güc verərdi. Rəşaddan o qədər beləcə güc almışam, heç özü də duymayıb!

"Deyirlər dost dar gündə tanınar. Amma elə deyil, adamlar sənin pis günündə yox, şad günündə əsl simalarını göstərirlər. Dar gündə tanımadığın insanların belə sənə rəhmi gələr, əl tutar. Əsl dost insanın şad gününə qəlbən sevinəndi". Bu sözləri təzəcə bitirdiyim "Cholqala 1992" romanımın qəhrəmanı deyir.

Rəşad Məcid də belədi: insanlara tək dar gündə həmdərd olmur, onların şad gününə ürəkdən sevinməyi də bacarır. Mən onu belə tanıdım!

Yubileyin mübarək, 50 yaşlı cavan!


Bağla X