XALQ YAZIÇISI AZƏRBAYCAN VƏ ÜMUMTÜRK TARİXİ BARƏDƏ “YAŞAMAQ HAQQI” ADLI TARİXİ-KULTUROLOJİ TRAKTAT YAZIB XALQ YAZIÇISI AZƏRBAYCAN VƏ ÜMUMTÜRK TARİXİ BARƏDƏ “YAŞAMAQ HAQQI” ADLI TARİXİ-KULTUROLOJİ TRAKTAT YAZIB

Anardan yeni möhtəşəm əsər

XALQ YAZIÇISI AZƏRBAYCAN VƏ ÜMUMTÜRK TARİXİ BARƏDƏ “YAŞAMAQ HAQQI” ADLI TARİXİ-KULTUROLOJİ TRAKTAT YAZIB



Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" adlı tarixi-kulturoloji traktatı çapa hazırlanır. Bu əsər ilk dəfə 2013-cü ildə Anarın "LİK Azerbaydjana" üçcildliyində rus dilində çap olunub. Hazırda əsərin azərbaycanca versiyası üzərində son redaktə işləri gedir. Əsərın Azərbaycan dilində ayrıca kitab şəklində çapı planlaşdırılır. Traktat Azərbaycanın qədim dövrdən bugünümüzə qədərki tarixini əhatə edir. Əsərdə təkcə Azərbaycan tarixinə yox, bütövlükdə ümumtürk tarixinə ekskurs olunur.

Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzübəri bir çox mühüm yazılı mənbələrə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür.

Xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesi hansı çətin mərhələlərdən keçib?

Dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, Sovet imperiyasının qurulması və Azərbaycanın İttifaqa qoşulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınlar tariximizdə nə kimi izlər buraxıb?

Əsrlər boyu Azərbaycanın başına gətirilmiş bəlalar ədəbiyyatımıza, incəsənətimizə neçə sirayət edib?

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasından sonra ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 yanvar hadisələri, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlət gizlənirdi?

Vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra pespublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklər Azərbaycanı hansı təhlükələrdən xilas elədi?

Xalq hərəkatının aparıcı nümayəndələri olan Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Nemət Pənahlı və başqalarını hansı portret cizgiləri səciyyələndirirdi?

Anar uzun illərin həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazışı baxışı ilə əsərdə bütün bu suallara cavab axtarır, Azərbaycan tarixinə müxtəlif rakurslardan işıq salır.

Bundan əlavə, Azərbaycanın tarixində, xalqın taleyində bu və ya digər şəkildə rol oynamış müxtəlif şəxsiyyətlərin həyat və fəaliyyəti də əsərdə ön plana çəkilir. Cavad xan-Sisyanov qarşıdurması, Məhəmməd Əmin Rəsulzadənin millət qarşısında xidmətləri, ilk maarifçilərimiz Mirzə Kazımbəyin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsənbəy Zərdabinin Azərbaycan mədəniyyəti üçün gördüyü böyük işlər, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızın milli musiqimizin inkişafındakı rolu barədə mülahizələr traktatda önəmli yer tutur. Burada təzadlı tarixi şəxsiyyətlərdən olan Mir Cəfər Bağırovun fəaliyyətinin bütöv, hərtərəfli əksi isə xüsusi maraq doğurur.

Bu sadalananlarla paralel olaraq xarici qüvvələrin, kənarda baş verən hadisələrin tariximizə, millətimizin taleyinə təsirindən də söz açan müəllif əsərdə Avqust Putçası, SSRİ-nin dağılması, ölkəmizin müstəqillik qazanması, gənc suveren respublikaya kənardan təzyiqlər barədə fikirlərini bölüşür, məsələlərə tam yeni, fərqli aspektlərdən yanaşır.

Bundan əlavə, 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi və müasir Azərbaycanda gedən böyük quruculuq işləri kontekstində ədəbiyyat və mədəniyyət sahəsində aparılan islahatlar, kitabların latın qrafikası ilə çapı, müxtəlif ədəbi mükafatların təsis olunması, yaradıcı gənclərə dövlət qayğısı məsələlərinə toxunan müəllif milli musiqimizin, mədəniyyətimizin, ədəbiyyatımızın xaricdə təbliğı üçün görülən tədbirlərdən də bəhs edir, öz fikir və arzularını bildirir.

Əsərin əsas məziyyətlərindən biri də yazıçının bilavasitə iştirakçısı olduğu, müşahidə etdiyi hadisələrə öz baxışını və münasibətini ifadə etməsidir.

Qeyd edək ki, yaxın zamanlarda əsərdən bəzi hissələrin dövrü mətbuatda yayımlanması planlaşdırılır.