Ağaxan Salmanlı: “Rejissorlar rolları yalnız öz adamlarına verirlər” Ağaxan Salmanlı: “Rejissorlar rolları yalnız öz adamlarına verirlər”

Cənnət Səlimova: “Bəhram Osmanov rəngbərəng aktyorlarla işləyir”

Ağaxan Salmanlı: “Rejissorlar rolları yalnız öz adamlarına verirlər”



Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov kreslosuna əyləşər-əyləşməz belə bir açıqlama ilə çıxış edərək, aktyorları şoka salıb: "Aktyorlar ya teatrda tutduğu mövqe ilə razılaşıb işləməlidir, ya da qapılar açıqdır, gedə bilərlər".

Teatrın sabiq baş rejissoru Cənnət Səlimova AzNews.az-a deyib ki, B.Osmanovun bu bəyanatı işin ziyanınadır: "Aktyoru ittiham etmək yox, onunla işləmək lazımdır. Aktyoru faizlə ölçmək lazım deyil. Aktyorun savadını üzə çıxarmaq lazımdır. Kimisə qovmağa nə var ki. Elə aktyor var ki, bir rolu ilə dahi olur. Eləsi də var ki, illərlə işləyir, amma onun kimliyini bilən yoxdur. Bəhram rəngbərəng aktyorlarla işləyən adamdı. Teatr da belə aktyorlarla doludur. İşləsin də. Kollektivin yarısı onu istədi. Biz işləyirik, amma hələ heç nə dəyişmir".

Xalq artisti Ağaxan Salmanlı isə bildirdi ki, teatrda ən böyük problem aktyorların əksəriyyətinin il boyu rolsuz qalmasıdır: "Repertuara əsər salınır. Həmin əsərdə yalnız 10 nəfər aktyor rol ala bilir. Böyük əsər olanda isə hardasa 20 nəfər arasında bölünür. Yerdə qalan 80 aktyor neynəməlidir? Aktyorlar il ərzində rolsuz qalır. Bunu üç teatrı birləşdirəndə bilmək lazım idi. Mövsüm boyu 30 nəfər işləyir. Yerdə qalanlar teatra ancaq maaş almağa gəlir, vəssalam. Puldur, teatr öz büdcəsindən vermir ki. Dövlətin xəzinəsidir. Rol almayan aktyorlar gözləyir ki, bəlkə gələn mövsümdə kimsə ona rol verər. Rolu da rejissor verir. Rejissorlar isə təəssüf ki, öz əhatəsində olanları, tapşırılanları qabağa çəkir. Belə olan halda mənə, ona, yaxud da bir başqasına kim rol verər? O ki, qaldı çıxıb getmək məsələsinə, getməyə lüzum yoxdur, onsuz da lazım olanda özləri çıxarırlar. Necə ki, ərizə yazıb işə giririk ha, elə də ərizə yazdırıb çıxarırlar. Yəni guya, öz xoşumuzla gedirik".

Bahar
AzNews.az