01:09
(077) 610-22-33

Elariz: “Qardaşımın şəhid olmasını bu gün də anamdan gizlədirik” -Müsahibə

  • >
1 456 27 Avqust 2014 12:57 | Mədəniyyət

AzNews.az müğənni Elariz Məmmədoğlunun “Qafqazinfo” ya müsahibəsini tədqim edir:




- Elariz bəy, yeni mövsümdə yaradıcılığınızda hansı yeniliklər olacaq?

- Həmişə olduğu kimi yeni mahnılar üzərində çalışıram. Bu mahnıların müəllifi özüməm. 2014-cü ilin əvvəlində "Yeddi mahnı" adlı diskim işıq üzü gördü. Orada yer alan yeddi mahnının söz və musiqisi mənə məxsus idi. Eyni zamanda klassik estrada nümunələrinə də müraciət etmişəm. Əsasən Elza İbrahimova, Cahangir Cahangirov, Tofiq Quliyevin bəstələrini yeni aranjemanda tamaşaçılara təqdim edəcəm. Müasir bəstəkarlardan da repertuarımda mahnılar yer alıb. Planımda klip çəkilişləri də var. Lakin bu imkana bağlıdır. Əgər imkan olmasa, bu arzumu gələn il reallaşdıracağam.

- Bu yay necə və harada istirahət etdiniz?

- Bu yay ailə üzvlərim istirahət etsə də, mən dincələ bilməmişəm. Bu günlərdə Azərbaycanın bölgələrindən birində 10 günlük istirahətə yollanacağam.

- Sənət adamlarından bəziləri nənə, baba olduqlarını gizlədirlər. Bunu toy bazarına təsir edəcəyi ilə əsəslandırırlar. İki nəvəniz var. Bu sizin toy biznesinizə təsir göstərmir?

- Bu məsələni çox işıqlandırsanız, əlbəttə təsir edər. Cavan baba olmağıma baxmayaraq deyəcəklər ki, babadır, yaşlı adamdı. Toya cavan müğənni dəvət edək. Bu da toylarımın sayını azalda bilər. Lakin ziyalı adamlar bilirlər ki, toyun idarəçiliyini əsasən professionallara tapşırmaq lazımdır. Ona görə ziyalı insanlar bunu düşünüb öz şənliklərinə məni qrupumla dəvət edirlər. Gənc müğənnilər isə 20-30 dəqiqəlik çıxışla kifayətlənməli olurlar. İnsanlar müğənniləri toya dəvət edərkən onları nənə, baba olmaqlarına görə deyil, istedadına, professionallığına, sənətkralığına görə qiymət versələr, yaxşı olar.

- Deyirlər Elariz Məmmədoğlunun biznesi də var.

- Bu şayiədir. Mənim başqa biznesim yoxdur. Yalnız müğənniyəm.

- Səsiniz olmasaydı, hansı sənəti seçərdiz?

- Səsim olmasaydı, hüquqşünas olardım. Bu arzum, yəqin, ikinci həyatımda reallaşar.

- Milyonçu ulu babanızdan sizə nə qalıb?

- Ulu babam içəri şəhərli olub. Bolşeviklər tərəfindən onun bütün malikanələri alınıb. Onlara heyfslənmirəm. Əsas odur ki, babamdan gözəl xatirələr qalıb. Ulu babam Məşədi Ağa Hüseyn deyilənə görə atamı çox istəyirmiş. Vaxtilə Bakıdan sürgün olunmuş babam atamı görərkən "Məmməd, necəsən" deyərək qucaqlayıb ağlayarmış. Sonra da öz-özünə deyərmiş: "Kişi ağlamaz. Yəqin qocalmışam" . Babam messanat imiş. Aktyorlara böyük yardımları olub, kasıb ailələri ərzaqla təmin edib. Xəstələrə dərman alıb. Musiqini çox sevirmiş. Atamın dayısı Allahverdi kişidən eşitmişdim ki, babam məclislərin birinə xanəndə dəvət edib. Məclis qurtararkən babam musiqiçilərə və xanəndəyə pul verib. Lakin onlar hörmət əlaməti olaraq pulu götürmək istəməyiblər. Babam isə onlara deyib ki: "Sənətkarın pulunu kəsməzlər. Hər bir işdə halallıq gərəkdir. Mən sizin halallığınızı verməliyəm ki, mənim övladlarım xoşbəxt olsun" . Babamın üç həyat yoldaşı olub. Onlar bir evin içində yaşayıblar. Övladları ögey olsalar da, çox mehriban dolanıblar. Üç həyat yoldaşından ikisinin övladı olub. Yəhudi həyat yoldaşının isə övladı olmayıb. O İslamı qəbul edib. Atam dünyasını dəyişib. Lakin ulu babamın digər nəvələri Ələkbər, Rauf, Faiq, İkram, Roman sağdılar.

- Elariz necə qayınatadır? Kürəkənləriniz sizdən razıdır?

- İşlərinə qarışmıram. Yəqin ki, məndən razı olarlar.

- Türkiyədə ev almısız. Xeyirli olsun. Həmişəlik köçüb orada yaşamaq fikriniz yoxdur?

- Xeyr. O evi istirahət məqsədi ilə almışam. Otellərə pul verməkdənsə, öz evimdə qalmaq məsləhətdir. Mənə qalsa, Azərbaycanın bütün rayonlarında iki və ya üç otaqlı mənzil alardım ki, ürəyim istəyəndə gedib dincəlim.

- Özünüzü nədə günahkar bilirsiz?

- Günahlarım çox olsa da, bağışlanmayan böyük günahlarım yoxdur. Xırda səhvlərim olub.

- Hansı səhvlərinizi təkrarlamaq istəməzdiniz?

- Bəzən səmimi olmuşam deyə bundan istifadə ediblər. Bu səhvimi təkrarlamaq istəməzdim.

- Özünəməxsus repertuarınız, səs tembriniz olduğunu deyirsiz. Sizcə rəqibiniz yoxdur?

- Mən tutduğum üslubda rəqibim yoxdur.

- 21 ildir ki, ananızdan qardaşınızın ermənilər tərəfindən öldürüldüyünü gizlədirsiz. Heç kəsə demədiyiniz daha başqa sirriniz varmı ki, o elə sizinlə qalacaq?

- Qardaşım barədə sirri bundan sonra 21 il də keçsəydi, deməyəcəkdim. Sadəcə jurnalist araşdırması və mənə ünvanlanan sualların cavabını verdim deyə bu açıqlandı. Qardaşımın Qarabağda şəhid olmasını bu gün də anamdan gizlədirik. Onu aldadırıq ki, oğlun sağdı, əsirlikdədir, ya da bəlkə də başqa ölkədədir. Darıxma nə vaxtsa, gələcək.

- Qardaşınızdan sizə xatirə nə qalıb?

- Əsasən uşaqlıq xatirələr. Yadıma gəlir məktəbdə oxuyanda dedi ki, məndən yuxarı sinifdə oxuyan bir şagird mənə sataşır, məni incidir. Gedək onun cavabını ver. Mən də getdim məktəbə, həmin şagirdi tapıb acıqlandım və başa saldım ki, qardaşımla bir də işi olmasın. Qəribədir. Vaxtilə mən qoruduğum qardaşım sonradan vətəni qorumaq üçün məndən də yüksək rütbəyə, şəhidlik zirvəsinə qalxdı.

- Həsrətli gözlərinizi yollardan nə çəkə bilər?

- Daha yollardan heç nə çəkə bilməz... Onlar həmişə həsrətli qalacaq...

- Həyatınızı nə doldura bilər?

- Xoşbəxt gələcək.

- Xoşbəxt deyilsinizmi?

- İnsan xoşbəxt olduğu halda onu tam hiss eləmir. Həmişə fikirləşir ki, daha xoşbəxt olacağam. Ötənlərə boylananda isə xoşbəxt günlər yada düşür...

AzNews.az
Bağla X