19:06
(077) 610-22-33

Xəyyam Mirzəzadə Firəngiz Əlizadəni təhqir etdi

  • >
2 909 19 Sentyabr 2012 12:56 | Mədəniyyət

Sərdar Fərəcov: “Sağlam düşüncəli adam belə açıqlama verə bilməz”



Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə internet portallarına verdiyi müsahibəsində Opera və Balet Teatrının repertuar siyasətini darmadağın edib: ""Koroğlu", "Leyli və Məcnun" nə qədər olar? Onlar gözəl, dahi əsərlərdir. Amma biz bunları artıq əzbərləmişik. Operamızda yalnız əzbərlədiyimiz əsərlər oynanılır. Cahangir Cahangirovun "Xanəndənin taleyi", Məmməd Quliyevin "Aldanmış ulduzlar", Ramiz Mustafayevin "Vaqif", Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası niyə səhnədə yoxdu?"

Bəs, bu məsələyə musiqi xadimlərinin münasibəti necədir? Bəstəkarlar AzNews.az-a açıqlamalarında Bəstəkarlar İttifaqının sədrinə qarşı çıxdılar.
Xalq artisti, bəstəkar Arif Məlikovun fikrincə, bu sualın cavabını elə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə verməlidir: "Yaxşı olar ki, bunun səbəbini elə Firəngiz xanım özü desin. Desin ki, görək o operalar işə niyə yaramır? Mənə elə gəlir ki, bunu deyən bəstəkar, fikrini də əsaslandırmağı bacarmalıdır".

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi eşitdiklərinə inanmaq istəmədiyini dedi: "Dəhşətdir. Firəngiz Əlizadədən belə bir fikir? Üzeyir bəyin ünvanına belə bir fikir deyilməməlidir. Firəngiz xanım belə bir sözü deyə bilməz. İnanmaq istəmirəm. Məncə müsahibəni alan müxbir onu düz başa düşməyib və belə yazıb. Düşünən, sənətdə olan insan belə bir fikir söyləyə bilməz. Biz 2008-ci ildə "Leyli və Məcnun" operasının 100 illiyini keçirdik. Mənə elə gəlir ki, biz bu operanın hələ 1000 illiyini də keçirməliyik. Bu opera Azərbaycan səhnəsindən düşə bilməz".

Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin sözlərinə görə, bəzi adamlar "Leyli və Məcnun"un o teatrda nümayiş olunmasını istəmir: "Əgər "Leyli və Məcnun"u yığışdırmalı olsaydılar, bu günə kimi edərdilər. İkincisi, Opera və Balet Teatrında nümayiş olunan "Leyli və Məcnun" teatrın siyasətinə yaramır. Çünki bu opera deyil, musiqili dram və faciədir. Ola bilsin ki, bəzi adamlar bu operanın həmin teatrda nümayiş olunmasını istəmir. Firəngiz Əlizadə bu məsələni qələt edib qaldırır. Mən bu barədə fikrimi 1950-ci ildə demişəm".

Üzeyir Hacıbəyov Muzeyinin direktoru Sərdar Fərəcov isə qeyd etdi ki, sağlam düşüncəli sənət sahibi belə açıqlama verə bilməz: "Firəngiz xanıma inanmağım gəlmir. Bunu sadə bir kolxozçu desəydi, adam başa düşərdi. Deyərdi ki, kolxozçunun o qədər də dünya görüşü yoxdur. 100 ildən çoxdur ki, bu opera repertuardadır. Nə "Koroğlu", nə də "Leyli və Məcnun" biri-birinə mane olmur. Onların hər ikisi sevilən operalarımızdır.

Repertuardan niyə çıxmalıdır? Əgər yeni operalar qoyurlarsa, qoysunlar. Bəyəm yeni operanın qoyulmasına Üzeyir bəy mane olur? Düzdür, bizdə əsərlər azdır. Ancaq qoy hazırlasınlar. Çoxun ziyanı yoxdur. Amma bir şeyi anlamıram ki, yenisini hazırlayanda niyə başqasını məhv etmək istəyir? Qoy elə repertuarda 100 opera olsun. Bütün dünya səhnələrinin repertuarında 100 opera var. Bəlkə bu Firəngiz xanıma bir təxribatdır? Çünki dünən o, bizim muzeydə oldu, çıxış etdi. Heç buna yaxın da düşmədi. Əgər belə bir fikri vardısa, deyərdi də. Ona nə mane olurdu? Bu fikir bu başqa sənətin adamının dilindən çıxsaydı, onu başa düşərdim. Sağlam düşüncəli adam belə açıqlama verə bilməz. Xüsusilə də Firəngiz xanım".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X