Cavan Zeynallı: “Cazmenlərimizin cazını ancaq qohumları dinləyib, əl çalır”

Əməkdar incəsənət xadimi, cazmen Cavan Zeynallı caz musiqisinin vaxtının bitdiyini söyləyib. Bu barədə AzNews.az-a cazmen özü danışıb. O, bildirib ki, caz ölüb və bunun ölümünə səbəb caz musiqisindən kommersiya məqsədilə istifadə edilməsidir:

"Əsl caz 1932-35-ci illərdə ABŞ-da fəaliyyətə başlayıb. Bu proses sonrakı illərə qədər davam edib. Amma getdikcə caz musiqisindən kommersiya məqsədilə istifadə edildi ki, bu da cazın ölümünə səbəb oldu. Caz muğam kimidir. Onu öyrəndikcə, qoruyub saxlamalısan. 1980-ci illərdə olan caz musiqisi bu gün yoxdur".

C.Zeynallı onu da qeyd edib ki, bu gün gənc caz ifaçıları fəaliyyət göstərsələr də, onların çıxışlarını qənaətbəxş hesab etməz olmaz:

"Düzdür, gənc caz ifaçılarımız var və çalışırlar. Nəticədə isə musiqiçilərin istədikləri onların çıxışlarında alınmır. Çünki həmin gənc ifaçılar caz musiqisinin tarixindən, kökündən xəbərsizdirlər. Maraqlıdır ki, onlar cazı bilmirlər, amma caz musiqisi ifa edirlər və qohumları da onlara əl çalırlar, alqışlayırlar. Onları özlərindən başqa, heç kim bəyənmir. Bir sözlə, cazın vaxtı qurtarıb. İndi ora-bura qaçırlar ki, nə isə etsinlər".

Fuad Mədətov
AzNews.az