Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyi çapdan çıxıb Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyi çapdan çıxıb

Jurnalistika ilə bağlı yeni dərslik

Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyi çapdan çıxıb



Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin "Xarici ölkələrin jurnalistikası tarixi" dərsliyi çapdan çıxıb.

Bu dərs vəsaitində dünyanın müxtəlif ölkələrində keçmişin mədəni irsində mətbuatın əhəmiyyətini, ideya – siyasi və ədəbi mübarizədə onun rolunu, inkişaf etdirilməsi sahəsində qazanılmış nailiyyətləri aşkara çıxarır. Həmçinin, mətbuatın yaranması və inkişafı tarixini lap qədimdən XX əsrin axırlarınadək izləmək, inkişafın qanunauyğunluqlarını göstərmək, qədim Yunanıstan və Romadan tutmuş Almaniyanın, İngiltərənin, Fransanın, İtaliyanın, İspaniyanın, Portuqaliyanın, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Türkiyənin ən mühüm dövri nəşrlərinin istiqamət və məzmununu işıqlandırmaq yolu ilə tələbələri qəzet-jurnalların inkişaf dinamikası, dünya mətbuatının ən görkəmli publisistləri və jurnalistlərinin əsərləri və onların sənətkarlıq xüsusiyyətləri ilə tanış edir. Kitabda eyni zamanda Asiyanın və Afrikanın ərəb ölkələrinin, Hindistanın, Çinin və Yaponiyanın mətbuat tarixi də əks etdirilir.

Dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial və qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri və ümumi inkişaf meylləri göstərilir.

Dərslik universitetlərin jurnalistika fakültələrinin, filologiya fakültələrinin və humanitar fakültələrin jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Sonda onu da qeyd edək ki, bu, "Xarici ölkələrin jurnalistikası tarixi" kursunun proqramları əsasında yazılmış ilk dərslikdir.

Səadət
AzNews.az