Alim Qasımov “Musica Dei Popoli”də çıxış etməyəcək

Bir neçə gündür İtaliyada "Musica Dei Popoli" adlı beynəlxalq musiqi festivalı keçirilir. Dünyanın istedadlılarını bir araya cəm edən festival təşkilatçıları Azərbaycandan xanəndə Qoçaq Əsgərovu seçib.

AzNews.az-ın məlumatına görə, bu gün yola düşən musiqiçi heyətimiz axşam saatlarında proqramlarını minlərlə tamaşaçının cəm oldğu konsert məkanından təqdim edəcəklər.

Qeyd edək ki, 1979-cu ildən keçirilən festivalda ötən il ölkəmizi Alim Qasımova təmsil edib. Təşkilatçılar seçim edərkən bu dəfə Qoçaq Əsgərovun ifasını eşidib və onu festival çərçivəsində dinlənilməsini nəzərə alıb. Burada etno, müasir, klassik, hər bir ölkənin milli musiqiləri təmsil olunur. Bu ilki festivalda 30 ölkədən 300-ə yaxın sənət adamı iştirak edəcək.

Qoçaq Əsgərov və musiqiçilərinin payına düşən konsert gecəsində "Bayatı-kürd" muğamı dəsgah şəklində, "Bayatı-şiraz" təsnifləri, xalq mahnıları, "Qaçaq Nəbi" filmindən mahnı səsləndiriləcək.

Xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Məlumat üçün bildirək ki, Azərbaycanın bu festivalda iştirakına YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova yaxından dəstək göstərir.

Onu da bildirək ki, bu, Qoçağın İtaliyaya olan birinci yaradıcılıq səfəri deyil. Bundan əvvəl İtaliyanın məşhur musiqi şirkətlərindən biri onun diskini yüksək tirajla buraxıb və bunun ardınca konsertlərini təşkil edib.

Fuad Mədətov
AzNews.az