06:10
(077) 610-22-33

“Elnur “Eurovision”u yenidən Azərbaycana gətirəcək” – Rəylər

  • >
4 926 16 Mart 2015 11:48 | Mədəniyyət

Dünən İctimai Televiziya (İTV) Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək müğənninin Elnur Hüseynov olduğunu açıqlayıb.


O, may ayında Avstriyanın paytaxtı Vyana şəhərində "Hour of the Wolf" mahnısını ifa edəcək. E. Hüseynov 2008-ci ildə də duet ortağı Samirlə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanı bir dəfə "Eurovision"da təmsil edərək 8-ci yeri tutub.

Azərbaycanın sənət adamları İTV-nin bu seçimi ilə bağlı fikirlərini AzNews.az-a bölüşüb.

"Elnur "Eurovision"u yenidən Azərbaycana gətirəcək"



Xalq artisti, bəstəkar Faiq Sücəddinov: "Elnur çox gözəl müğənnidir. O, ilk dəfə gedəndə 7-ci yeri tutmuşdu. Sadəcə, bədnam qonşuların hay-küyü hesabına onları deyəsən 8-ci yerə keçirdilər. Onlar həmin çıxışı yüksək səviyyədə etdilər. Bu dəfə də Elnur Türkiyədə keçirilən "O səs Türkiyə" yarışmasında gözəl ifalar nümayiş etdirdi. Türkiyədə onun oxumağına valeh olmuşdular. Təbii ki, Elnur Azərbaycan estradasının böyük nümayəndəsidir. Mən ona uğur diləyirəm. İnanıram ki, Elnur bu müsabiqədə səsinə layiq yer tutaraq "Eurovision"u yenidən Azərbaycana gətirəcək".

"Onun artıq böyük təcrübəsi var"



Bəstəkar Vaqif Gərayzadə: "Elnur istedadlı müğənnidir. Onun artıq böyük təcrübəsi var. Ümid edək ki, o, bu dəfə birinci yeri tutacaq".

"Elnurdan nə tələb olunacaqsa, onu yerinə yetirəcək"



Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə: "İnşallah, Elnur yenidən parlaq çıxışı ilə tamaşaçılarımızı sevindirər. Ümidvaram ki, musiqi yüksək səviyyədə hazırlanacaq. Elnur Türkiyədəki ab-havanı Avstriya səhnəsində yaşadacaq. İnanıram ki, bu, belə olacaq, çünki Elnurun səs imkanlarına bələdəm. Elnurdan nə tələb olunacaqsa, onu yerinə yetirəcək. Elnur Hüseynov və Samir Cavadzadə 2008-ci ildə "Eurovision"da mənim mahnımla çıxış etmişdilər".

"Hər zaman Elnura dəstək verirəm"



Əməkdar artist Tünzalə Ağayeva: "Biz Elnurla yaxın dostuq. Hər zaman ona dəstək verirəm. Mən onun bu müsabiqədə iştirakını dəstəkləyirəm. Biz inanırıq ki, Elnur orada yüksək səviyyədə çıxış edəcək".

"Elnurun mahnısı onun səs imkanlarını nümayiş etdirir"



Xalq artisti, müğənni Mübariz Tağıyev: "Elnur Azərbaycanı bu müsabiqədə ikinci dəfə təmsil edəcək. Estrada aləmində bir format var, Elnur artıq onun yolunu tutub. Onun səs imkanları çox yaxşıdır. Çox gözəl oldu ki, Azərbaycanı Elnur təmsil etdi. İctimai televiziya vaxtında seçimini etdi və düz də yol seçdi. Mənə elə gəlir ki, uğurlu çıxış olacaq. Mahnı da əladır, onun səs imkanlarını nümayiş etdirir. Mənə elə gəlir ki, yaxşı nəticə verəcək".

Qeyd edək ki, bu mahnı müsabiqəsində Elnur Hüseynov mistik və müasir ballada janrında hazırlanan "Hour of the Wolf" mahnısını oxuyacaq.

Bahar
AzNews.az
Bağla X