Tarixdə bu gün: 15 may Tarixdə bu gün: 15 may

Azərbaycan “Eurovision-2011”in qalibi oldu – 4 il öncə (VİDEO)

Tarixdə bu gün: 15 may


Tarixdə bu gün mayın 15-də Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.

1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: "Orfey", "Ariadna", "Poppeyanın tacqoyması".

1848 - Görkəmli rus rəssamı Viktor Vasnesov (1848-1926) anadan olub. Məşhur rəsmləri: "Üç cəngavər", "Çar İvan Qroznı" və s.

1891 - Məşhur rus yazıçısı Mixail Bulqakov (1891 – 10.3.1940) Kiyev şəhərində doğulub. Roman və povestləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", "Cənab de Molyerin həyatı"; pyesləri: "Qaçış", "Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", "İvan Vasilyeviç" (pyes əsasında "İvan Vasilyeviç peşəsini dəyişir" komediyası çəkilib).

1893 - Dünya şöhrətli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.

1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə ("Bakılılar", "Kəndlilər", "Dağlarda döyüş") maraqlı obrazlar yaradıb.

1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.

1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Sevimli şəhər", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", "Talelər qovuşanda", "Ordan-burdan" və s.) müəllifidir. "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar", "Əhməd haradadır?" və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.

1929 — Klivlenddə, Klivlend klinikasında baş verən yanğında 123 nəfər həyatını itirir.

1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. O.İoselianinin "Araba hələ aşmayıb", V.Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.

1935 — Moskva Metropoliteni istifadəyə verilib.

1944 - Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", " Nəsimi", "Qətl günü" və s. filmlərdə çəkilib. "Doğma sahillər", "Atları yəhərləyin" (Həsən Turabovla birgə)," Şəhərli biçinçilər" (Hüseyn Mehdiyevlə birgə), "Gecə qatarında qətl" və s. filmlərə quruluş verib.

1992 - Azərbaycanda növbəti "konstitusion" çevriliş baş verib. Ali Sovetin A.Mütəllibovu prezident postunda bərpa etmək barədə qərarına (14 may) etiraz olaraq "Konstitusiyanın müdafiəsinə" qalxan Xalq Cəbhəsi ölkədə hakimiyyəti ələ alıb. A.Mütəllibov Moskvaya qaçıb.

1992 - MDB ölkələrinin Daşkənddə keçirilən sammitində "Avropada adi silahlı qüvvələr haqqında" müqavilə (1990) üzrə keçmiş SSRİ-nin hərbi arsenalının bölüşdürülməsinə dair protokol imzalanıb. Sənəddə MDB ölkələrinin silah kvotaları müəyyənləşib. Cürcüstan və Ermənistandan əhali və ərazisinə görə böyük olmasına rəğmən Azərbaycana qonşuları ilə eyni miqdarda silah ayrılıb. Bu, həmin dövrdə Azərbaycandakı hakimiyyətsizliyin acı nəticəsi idi.

2000 - AŞPA-nın Siyasi Komitəsinin Dublində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi Jak Bomelin (Fransa) hesabatı dinlənilib və ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı ilkin müsbət rəy verilib.

2005 - Avropa Şurasının Varşavada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti görüş olub.

2011 — Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.