04:43
(077) 610-22-33

“Dil məsələsi məni Qarabağın işğalından 10 dəfə artıq narahat edir” - Seyran Səxavət

  • >
2 683 18 May 2015 10:39 | Mədəniyyət

“Azərbaycan dilini xilas etmək lazımdır”


"Azərbaycan dili ilə bağlı bu yaxınlarda televiziyalara baxaraq araşdırma aparmışam və dilimizə zərbə vuran 30 minə yaxın fakt aşkar etmişəm".

Bu sözləri Azərbaycanın tanınmış yazıçısı Seyran Səxavət AzNews.az-a müsahibəsi zamanı deyib. Onun fikrincə, Azərbaycan dilini qorumaq üçün televiziyalarda dili yaxşı bilən jurnalistlər işləməlidir.

"SİZƏ TƏƏCCÜBLÜ GƏLMƏSİN, SEYRAN SƏXAVƏT ÇOX ZƏNGİN ADAMDIR"

- Çıxışlarınızın birində demisiniz ki, "Məni həyatdan başqa yerdə qalan nə varsa, hamısı yorur". Bu fikri bir qədər izah edə bilərsinizmi?

- Əslində ən böyük güc elə həyatdadır. Ən möhtəşəm enerji və əzələ həyatın özündədir. Onun adamları yormaq şansı bütün ətraf mühitdən, kainatdan daha güclüdür. Həyatla düz hesablaşanda, onunla dil tapanda, sözün yaxşı mənasında, təmiz, pak münasibətdən söhbət gedir, o, səni heç vaxt yormur. Əksinə, insan son dərəcə maraqlı yaşayır. Və o qarşılıqlı münasibət çərçivəsindəki maraq da səni daha güclü edir. Görürsən ki, güclüsən, həm də zəngin adam olursan. Bu baxımdan mən özümü çox zəngin adam hesab edirəm. Sizə təəccüblü gəlməsin, Seyran Səxavət çox zəngin adamdır.

HƏYATDAN ZÖVQ ALIRAM, ÇÜNKİ MƏN HƏR ŞEYƏ TƏNQİDİ BAXA BİLİRƏM

Zənginliyin var-dövlətlə heç bir əlaqəsi yoxdur. Misal üçün, mən Azərbaycanın istənilən kəndinə getsəm, qapısını böyük ərklə döyə biləcəyim adamlar var. Bax, zənginlik budur. Bir az sözü düz olsan, istədiyin qapını ərklə aça bilərsən. Mən də həyatımı başqa cür qursaydım, heç nəyə nail olmazdım. O adamlar uğur qazanır ki, başlarını aşağı salıb öz işləri ilə məşğul olur və adam balası kimi yaşayır. Allahdan sonra adam balası gəlir. Belə olanda hər şey öz axarıyla gedir. Hazırda həyatdan zövq alıram, çünki hər şeyə tənqidi baxa bilirəm. Əslində hər adam bir informasiyadır, onun varlığı bir faktdır. İnsan hadisələrin ətrafında yaşayır. İnsanın doğulması hadisədir. Buna görə onu ömrünün axırına kimi hadisələr korteji müşayiət edir.

- Ancaq bu hadisələr kortejində heç də həmişə xoş xəbərlər alınmır…

- Əlbəttə, adamlar əzizlərini itirirlər. İnsan isə əzizini itirməkdən heç yorulmur, yalnız göynəyir. Normal insan göynəməkdən heç vaxt yorulmaz. Şəxsən mən son 10 ildə çox yaxın olan 4 əzizimi itirmişəm. Hətta, o qədər yaxın ki, ya mən onların içində olmuşam, ya da onlar mənim içimdə. Mənim üçün çox ağırdır, ancaq barışmışam. Düşünürəm ki, nəzəri cəhətdən, bunlar yoxdur. İçimdə isə heç cür barışa bilmirəm. Bilirəm ki, yoxdurlar.

- Belə hal sizi pessimizmə doğru aparar…

- Yox, əksinə, bu, məni bir az da güclü edir. Artıq həyatımda başqa bir abzas başlayır. Əgər bundan normal insan yorularsa, ona insan demirəm. Mən heç vaxt yorulmuram.

TELEVİZİYALARI ÖZBAŞINA QOYMAQ OLMAZ

- Bəs, bu gün istər cəmiyyətdə, istərsə də dünyada gedən proseslər sizi yormur ki?

- Yox, əlbəttə. Məni bir yazar kimi yoran şey dilimizlə bağlı olan problemdir. İnanın ki, Azərbaycan dili bu saat məni Qarabağ məsələsindən də 10 dəfə artıq narahat edir. Konstitusiyamızda yazılıb ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Ancaq bir çoxları bu dildə danışmaq əvəzinə televiziya dilində danışırlar. Ona görə də gülməli də olsa hələlik Konstitusiyada dəyişiklik edib yazmaq lazımdır ki, Azərbaycanın dövlət dili Azərbaycan televiziyasının dilidir. Məni incidən məsələlərdən biri də budur: o televiziyalarda çalışan jurnalistlərin bəziləri kitab oxumur, səviyyələri çox aşağıdır. Bunun özü isə təhsillə bağlıdır. Elə yol qəzalarını da bu amillə bağlayardım. Milli şüurumuzda dəyişiklik etmək lazımdır. Çünki milli şüuru formalaşdıran təhsildir. Yaxşı təhsili olmayan insanda bu şüur necə formalaşa bilər? Və o, dünya xalqlarının şüuruna baxıb necə bir şey götürər. Sovet təhsili çox güclü idi. İndisə yuxularında bolonya sistemi görürlər, səhər durub onu tətbiq edirlər. Azərbaycan dilini belə eksperimentlərdən xilas etmək lazımdır. Televiziyaları da özbaşına qoymaq olmaz. Mən bir dəfə bu barədə fikrimi demişəm. Bilirsiniz, təklif verəndə istər-istəməz gərək onun da çıxış yollarını da göstərəsən.

TELEVİZİYALARIN CANI LİSENZİYADADIR

- Azərbaycan dilini xilas etmək üçün təklifiniz nədən ibarət olub?

- Milli Televiziya və Radio Şurasının nəzdində Azərbaycan dilini dərindən bilən adamlardan ibarət bir növbətçilik briqadası yaratmaq lazımdır. Bütün televiziyaları bu üzvlər arasında bölürük, həftənin sonunda isə yığışıb müzakirə edirik. İkinci və üçüncü həftə isə növbətçilik həftəsini təkrarlayırıq. Axırda onlara xəbərdarlıq edirik ki, bir də belə nöqsanlara yol versəniz, sizin lisenziya məsələniz qoyulacaq. Divin canı şüşədə olduğu kimi televiziyanın da canı lisenziyadadır. Bundan sonra görək, onlar hər yoldan keçəni gətirib televiziyada aparıcı, yaxud da jurnalist düzəldib onun-bunun yanına göndərə bilməz. Bu, qəzet və saytlara da aiddir. Televiziya vizual məkandır, gözlə görünür. Ona görə də bu, birbaşa təsir edir. Azərbaycan dilini xilas etməyin çarəsi budur.

SU İÇDİYİN BULAĞIN GÖZÜNƏ TÜPÜRMƏZLƏR, AMMA BİZDƏ TÜPÜRÜRLƏR

- Bu yaxınlarda Milli Məclis reklamda Azərbaycan dilinin məsələsini müzakirə edib…

- Guya, o biri sahələrdə dilimiz düzdür, indi sıra reklamlara çatıb. Mən bu barədə bir araşdırma aparmışam. 10 gün televiziyalara baxan zaman 30 minə qədər fakt aşkar etmişəm. Bu isə o deməkdir ki, 30 min dəfə Azərbaycan dilinə zərbə vurulub. Mən sement, kubiklə deyil, dillə çalışan adamam. Televiziyalar üçün Azərbaycan dilini mükəmməl bilən yaxşı kadrlar tapmalıdırlar. Bir dəfə ANS-in aparıcısı Rövşanənin verilişində idik. Orda reklamın çoxluğundan danışdım. Əvvəllər kiminsə sözünü kəsəndə deyirdik ki, filankəs, sən allah bağışla, sözünün qarşısında balan dayansın. İndi "Sözünün arasında reklam dursun" deyirik. Bu qədər reklam olar? Orada aparıcı sübut eləmək istədi ki, televiziyanın öz qanunları var. Deyirəm, çox gözəl, Azərbaycan dilinin öz qanunları yoxdur, bəyəm? Azərbaycan dilinin vəziyyəti saytların, qəzetlərin, televiziyaların vecinə də deyil. Belə məsəl var, su içdiyin bulağın gözünə tüpürməzlər, amma bizdə tüpürürlər…

- Seyran bəy, qısa müsahibəyə görə sağ olun. Ancaq budəfəki söhbətimizdə Azərbaycan ədəbiyyatının durumundan, yeni çıxan bədii əsərlərdən söz açmadıq.

- Minnətdaram. İnanın ki, özüm ədəbiyyatçı olsam da ədəbi söhbətlərdən çox yorulmuşam. Zənnimcə, elə mənim üçün də, xalqımız üçün də ən ağrılı şey dilimizin qorunmasıdır. Dil də elə ədəbiyyatın onurğa sümüyüdür. Deməli, istər-istəməz ədəbiyyatdan danışdıq...

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X