Haqlı olaraq xalqımız onu Azərbaycanın Levitanı adlandırır...İkinci dünya müharibəsi zamanı SSRİ üçün Levitanın, Qarabağ müharibəsində isə Azərbaycan üçün onun səsi bir ümid yerinə çevrilmişdi... Haqlı olaraq xalqımız onu Azərbaycanın Levitanı adlandırır...İkinci dünya müharibəsi zamanı SSRİ üçün Levitanın, Qarabağ müharibəsində isə Azərbaycan üçün onun səsi bir ümid yerinə çevrilmişdi...

“Müdafiə Nazirliyindən dedilər ki, get özünə sponsor tap” – Şəmistan Əlizamanlı

Haqlı olaraq xalqımız onu Azərbaycanın Levitanı adlandırır...İkinci dünya müharibəsi zamanı SSRİ üçün Levitanın, Qarabağ müharibəsində isə Azərbaycan üçün onun səsi bir ümid yerinə çevrilmişdi...


Azərbaycanın ilk hərbi diktoru, əzəmətli səsi ilə hərbi vətənpərvərlik mahnılarını ifa edərək Azərbaycan xalqının yaddaşına həkk olunmuş Şəmistan Əlizamanlı qaziler.az saytının qonağı olub.

AzNews.az həmin müsahibəni təqdim edir:

Qısa arayış: Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

1981-85 illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, teatr sənəti fakültəsinin dram və kino aktyorluğu şöbəsində ali təhsil alıb.

1986-1992- ci Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində diktor və böyük redaktor vəzifəsində çalışıb. 1992-ci il oktyabrın 1-dən 2001-ci il yanvarın 22-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi diktor,sənədli filmlər, kino-tele studiyasında rəis müavini vəzifələrində xidmət edib. 2001-ci ildən ehtiyatda olan zabitdir, hərbi rütbəsi mayordur.

- Hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı kimi son vaxtlar Azərbaycan ordusunda baş verən dəyişikliklər haqda nə deyə bilərsiniz?

- Əlbəttə, ordu rəhbərliyinin dəyişilməsindən sonra cəmiyyətdə bir canlanma baş verdi. Vətənpərvərlik ruhu yüksəlib, yeni yeni islahatlar keçirilir. Bütün bunlar xalqımız tərəfindən müsbət qarşılanır. Gənclər hərbi xidmətə yüksək əhval - ruhiyyə ilə gedirlər, valideynlər də onları sevinə-sevinə yola salır. Əvvəlki illərə nisbətən bunlar müsbət haldır. Əsgər də yaradılmış yaxşı şəraitin şahidi olur. Bütün bunlar ürəkaçandır. Ordumuz bütün qoşun növləri üzrə güclənib, müasir silahlarla silahlanıb, təlimlər keçirilir.

- Ordumuzda müsbət tendensiyalar müşahidə edilməyə başlanandan ermənilər də hücumların, təxribatların sayını artırdı. Bunu nə ilə əlaqələndirirsiniz?

- Azərbaycan ordusu istənilən hərbi əməliyyatı yerinə yetirməyə hazırdır. Düşmən də ordumuzun belə güclənməsindən narahatdır. Hay-küy salırlar. Bu, onların qorxu və narahatlıqlarından irəli gəlir. Bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi siyasi məsələdir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsinin üzərində hakimiyyətə gəlirlər. Bu gün Ermənistanda mitinqlər gedir, iqtisadi vəziyyət çox çətindir. Bu yaxınlarda işıq pulunun artırılması məsələsinə görə mitinqlər keçirildi, böyük qarşıdurmalar oldu. Güman ki, bütün bunları ikinci plana keçirmək üçün Dağlıq Qarabağda hay-küy yaradırlar. Ermənistanda hər bir erməniyə aşılayırlar ki, baxın, siyasi çaxnaşma olsa, Azərbaycan ordusu hazırdır, hər an gəlib Qarabağı azad edə bilər. Nəzərə alaq ki, Ermənistan tərəfi qorxur. Sarkisyan, müdafiə naziri və digər məmurlar Qarabağ erməniləridir. Orada klanlar arası mübarizə gedir. Yerli ermənilər də fikirləşir ki, bu illər ərzində Qarabağın onlarda olması onlara nə verib ki? Onlar yaxşı bilirlər ki, gec ya tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, torpaqlarını geri alacaq. Buna görə də daim qorxu içindədirlər. Orada ermənilər 3 tipə bölünüb. Dağlıq Qarabağda yaşayanlar, Ermənistanda gələnlər və xaricdən gələnlər. Dağlıq Qarabağ erməniləri cəbhədə ön cərgədə yerləşdiriblər, artıq-əskik danışanları güllələyirlər. Digər iki cərgə də onlara nəzarət edir. Ön cərgədəkilərin vəziyyəti çox pisdir. Onları ora heç nə bağlamır.

- Ötən il ordumuz tərəfindən erməni vertolyotu vuruldu, erməni diversant qruplarının qarşısı onları məhv etməklə alındı, bir hərbçi kimi gözləyirdinizmi ki, belə əməliyyatlar baş tutar?

- Bu lazım idi. Əvvəlki rəhbərliyin vaxtında ciddi tapşırıq verilmişdi ki, düşmən atəş açsa da, sən çalış atəş açma. Atəş açan adam da sonra o güllələrin hesabını verirdi. Bu da çox anormal və gülünc bir məsələ idi. Müharibə dövründə belə əmr olar? Əsgər hiss edəndə ki, düşmən atəş aça-aça gəlir və onun da ixtiyarı yoxdur ki, düşmənə sərbəst cavab versin, bu düzgün deyil axı. İndi elə deyil. İndi əmr verilib ki, düşmənə layiqli cavabı verin. Bu, birinci cəsarət yaradır. Həm də təmas xəttində hərbi üstünlüyü ələ alır. İndi artıq ordumuz ermənilərin kəşfiyyat qruplarını vurub dağıdır, onların vertolyotunu, pilotsuz təyyarələrini vururlar. Keçib düşmən tərəfdə onların hərbi texnikalarını minalayıb partladırlar. Azərbaycan əsgərinə indi tam səlahiyyət verilib. Əsgər özünə, silahına arxayındır. O daha düşünmür ki, mən güllənin hesabatını verəcəm.

- Ramil Səfərovun azad edilməsi, ordudakı uğurlu islahatlar həm əhalidə, həm əsgərlər arasında güclü ruh yüksəkliyi yaradıb. Əvvəllər vətəndaşın əsgərə orduya münasibəti ürəkaçan deyil idi, indi isə əksinə insanlarımız əsgərə münasibəti müsbət mənada artıb...

- Tamamilə doğrudur. İndi xalqda orduya, əsgərə inam daha çoxdur. Xalq ordusuna güvənir! Yaxşı olar ki, valideynlərin hərbi hissələrdə görüşləri təşkil edilsin. Onlar öz gözləri ilə görsünlər əsgərlərin yaşayış şəraitini. Bu, çox gözəl olardı. Təbii ki, hərbi obyektlərə aparılmamaq şərti ilə.

- Necə hesab edirsiniz, ordudakı bu proses, dövlətin Qarabağla bağlı apardığı siyasətlə cəmiyyətin buna münasibəti adekvatdırmı? Məsələn, hərbi vətənpərvərlik verilişləri artıbmı? Küçələrdə reklam şitləri, verilişlər gözə dəyirmi?

- Mən deyərdim münasibət dəyişməyib. Telekanallarda vətənpərvərlik verilişləri çox azdır, hətta yox dərəcəsindədir. Şoular baş alıb gedir. Bu da xalqın gözü önündədir. Bəzən bayağı verilişlər insanları dilə gətirir ki, torpaqlar işğal altında, bunların verilişlərinə bax. Bu məsələlərə ciddi nəzarət olmalıdır. İkinci Dünya Müharibəsində "Hər şey vətən üçün, hər şey cəbhə üçün" şüarları var idi. SSRİ-nin küçələrini bürüyürdü. Hər şey Vətən üçün olmalıdır! Bütün telekanallar orduyla bağlı gözəl verilişlər hazırlamalıdır. O zamanlar "Sovet İttifaqına xidmət edirəm" verilişi var idi, o qədər gözəl hazırlayırdılar ki, yeniyetmə vaxtımdan o verilişlərə baxıb tələsirdik ki, biz nə vaxt gedəcəyik hərbi xidmətə?..

- İndi də bir çox televiziya kanallarında var o tipli verilişlər...

- Bəli, var! Amma o səviyyədə deyil! Bu işi peşəkarlara tapşırmalıdırlar...1993-cü ildə hərbi studiya yaratdıq, peşəkar aparıcılar və operatorlar dəvət olunmuşdu o studiyaya. Həftədə bir dəfə 30 dəqiqə efir vaxtı vermişdilər bizim veriliş üçün. Əməkdaşlar o qədər maraqlı hazırlayırdılar ki, o verilişi. Canlı müharibəni çəkirdilər. Təlimlərdə 2-3 gün çadırlarda qalır və inandırıcı verilişlər hazırlayırdıq. Dəfələrlə həmin verilişlər yüksək qiymətləndirilirdi. Mən özüm dəfələrlə cəbhə bölgələrində olmuşam, verilişlər hazırlamışam. Olub ki, əsgərlərə hərbi mahnıları ifa etməyi öyrətmişəm. Yəni, peşəkarların iştirakı ilə verilişlər hazırlanmalıdır.

- Azərbaycanda hərbi vətənpərvərlik deyəndə, hərbi mahnılar deyəndə göz önünə gələn ilk Siz olursunuz. Sizin işləriniz nə yerdədir? Dəvət edirlərmi verilişlərə?

- Əlbəttə ki, vətənpərvərlik mahnılarının yazılması vacibdir. Təminat, təchizatla bərabər həm də güclü mənəviyyat da, ruh da olmalıdır. Neçə illərdir məni konsertə dəvət etmirlər. Təbii ki, biz konsertə təmənnasız gedirik. İndiyə qədər dövlət səviyyəsində heç bir hərbi mahnının yazılışına dəstək verilməyib. Hətta Müdafiə Nazirliyinin əvvəlki zamanında müraciət edəndə deyirdilər ki, getsin özünə sponsor tapsın. Elə bil ki, hərbi mahnılar bunlar üçün 2-ci, 3-cü dərəcəli işdir. Mənim ifa etdiyim "Cənab leytenant" mahnısını bir süjet yazıb klip çəkə bilmədik. Elə bil ki, bunu vacib bilmədilər. Gələk televiziyalar məsələsinə. Bəzi verilişlərə dəvət edirlər, mən getmirəm, bəziləri də var ümumiyyətlə dəvət etmirlər. Orada patriotizm ruhu yoxdur. Bəzən mənim səsimi də qadağan ediblər, özümü də göstərmirlər. Heç buna mənim ehtiyacım da yoxdur.

- Amma cəmiyyətə lazımdır bu mahnılar...

- Düşünürəm ki, cəmiyyətə lazım olanda internetdə var, oradan dinləyirlər. Bəzi telekanallara heç getmirəm. Elə verilişlərə dəvət edirlər ki. Mənə uyğun deyil. Bir az vətənpərvərlikdən danışırlar, bir az şoudan, yəni uyğun gəlmir. Ayrıca vətənpərvərlik verilişləri olmalıdır və o ruha uyğun da adamlar dəvət olunmalıdır. Xalq bilməlidir ki, filan kanalda, filan saatda o verilişlərə baxa bilər. Bu çox vacibdir. Ehtiyac var buna. İndi bütün hərbi hissələrdə şərait yaradılıb telekanallara baxmaq üçün, əsgərlərimiz görmək istəyir belə verilişləri. Amma yoxdur!

Mən eyni zamanda "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədriyəm. Təşkilat olaraq bu vaxta qədər bir neçə film çəkmişik. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev haqqında film çəkmişik. Xocalıda komandir idi, könüllü getmişdi. Çox igid insan idi. Çox təsirli, nikbin ruhda çəkilmiş bir film idi. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov haqqında çəkmişik, bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı, əvəzolunmaz komandirimiz Şirin Mirzəyev haqqında, qəhrəman kənd Əlibəyli haqqında film çəkmişik. Bilirsiniz ki, Tovuzun bu kəndi uşaqdan böyüyə kimi əl-ələ verib kəndi necə müdafiə edib. Hər an onlar düşməni qorxu içində saxladılar. Yaxşı olardı ki, bu filmlər telekanallarda nümayiş etdirilsin. Vətənpərvərliyin təbliği üçün bu filmlərin böyük rolu var.

- Hərbi hissələrdə olarkən dəfələrlə şahidi olmuşuq ki, sizin mahnılar səsləndirilib. Çox üzücü bir haldır ki, səsinizi verirlər, amma özünüzü dəvət etmirlər...

- Bəli, elə tədbirlərə, konsertlərə dəvət etmirlər. Amma tədbirlər olur və mənim mahnılarım səslənir...Bu səs də mənə verilib də hərbi mahnıları ifa etmək üçün. Dövlətim və millətim üçün sərf etmək istəyirəm. Qeyd edim ki, Azərbaycan Respublikasının Səfərbərlik Xidmətinin dəvəti ilə bir neçə rayonda konsertlərim olub.

- Son zamanlar qadınları da hərbiyə cəlb edirlər. Yəni bilirsiniz ki, İsraildə, İranda qadınlar məcburi hərbiyə cəlb olunur. Bu məsələyə münasibətiniz necədir?

- Bu, olduqca vacib məsələdir! Qadının orduda öz yeri var. İstər rabitə, istər tibbi, istər başqa sahələrdə qadının öz rolu var. Mənim bu məsələyə münasibətim müsbətdir.

- İndi məktəblərdə şagirdlərin hərbi hazırlıq səviyyəsi sizi qane edirmi?

- Hərbi xidmətə qədər gəncin məlumatı olmalıdır. İdmanla məşğul olmalıdırlar. Çünki, kim ki, idmanla məşğul olur, onlar üçün hərbi xidmət asan keçir. Əsas da bizim oğlan uşaqlarını idmana qoymaq lazımdır ki, bərkə-boşa düşsünlər. O idman onu istənilən yerdə özünə inamlı edəcək. İndi hərbi hissələrdə yeməklər çox keyfiyyətlidir. Milli xörəklərə keçilib. Meyvə-tərəvəzdən tutmuş hər cür qidalar verirlər. Bu sahədə əsgərin heç bir problemi yoxdur

- Düşmənlə aparılan mübarizənin bir qolu da mətbuatdır. Bu işdən razısınızmı?

- Bir neçə il əvvələ qədər Müdafiə Nazirliyi bu işə bir o qədər də diqqət ayırmırdı. Mətbuatla düzgün iş qurulmadığı, vaxtaşırı məlumat verilmədiyi üçün şayiələr baş alıb gedirdi.İndi mətbuatla əlaqə yaxşı qurulub. Şayiələr daha baş alıb getmir. Baş verən hadisə haqqında operativ və düzgün məlumat verilir. Jurnalistlərlə ciddi iş aparılır, şayiələr yığışıb. Bu, çox yaxşıdır.

- Son vaxtlar cəbhə bölgəsində bir canlanma müşahidə edilir. Hərdən ciddi xəbər saytları elə məlumatlar yayırlar ki, elə bilirsən indicə Şuşanı alıb qələbə qazanacaqsan. Belə hallarda özünüzü qələbə xəbərini oxumağa hazırlayırsınızmı? Heç bunun məşqini edirsinizmi?

- Mən peşəkar diktor və zabitəm. Hər an hazıram. Əlbəttə ki, xəyalımdan keçir, mətni də bilirəm, çox istəyirəm mən verəm o xəbəri. Vaxtilə mən qələbə xəbərinin mətnini də yazıb hazırlamışdım. Gecə-gündüz onu fikirləşirdim. Amma səmimi olsaq, indi heç gözləmirəm. Gözləmirəm ki, kimsə məni çağırıb desin ki, gəl o xəbəri sən oxu! Mənim üçün önəmli odur ki, qələbə xəbəri deyilsin. Mən, ya başqası desin, onun fərqi yoxdur. Xalqımızın, vətənimizin üzü gülsün, şəhidlərimizin ruhu şad olsun. Qələbə böyük bir məsələdir. Həmin gün Azərbaycanın hər yerində qurbanlar kəsiləcək, şənlik olacaq, şəhidlərimiz daha da yaxından yad ediləcək.

- Mən düşünürəm ki, sizin fəaliyyətinizin pik nöqtəsi olaraq QƏLƏBƏ xəbəri olar. Siz necə düşünürsünüz?

- Fikirləşirəm ki, Qarabağ müharibəsinin birinci mərhələsində mənim missiyam başa çatıb. Amma Müdafiə Nazirliyi hərbi marşlar yazdırmalıdır. Heç kimdən gözləmədən. Özü nəzarət etsin, hərbi mahnılar yazılsın və yayılsın. Təəssüf edirəm ki, bizdə hərbi xidmətə səsləyən ciddi heç bir klip yoxdur. Mən çox arzu edirəm ki, maraqlı süjet xətti ilə vətənpərvərlik ruhunda kliplər çəkilsin və yayılsın. Mən Müdafiə Nazirliyində işlədiyim dövrdə məsələ qaldırdım ki, gəlin, bütün qoşun növləri üzrə mahnılar yazaq. Rabitəçilər, kəşfiyyatçlılar, tankçılar, topçular haqqında olsun. Düzdür, hərbi hava qoşunları və hərbi həkimlər haqqında mahnılar yazdıq. Amma digər sadaladığım mahnıların sözlərini də yazıldı, amma heç kim dəstək olmadı. Vacib bilmədilər. Sovet dövründə hər bir qoşun növünün ayrıca mahnıları var idi.

- İndi üzərində işlədiyiniz mahnılar varmı?

- Əsgərə aid, Vətənə aid mahnı yazmaq istəyirəm. Bu yaxınlarda "Çanaqqala türküsünü" yazdım. Bilirsiniz ki, Çanaqqala döyüşündə 250 min adam şəhid olub. Orada Azərbaycandan da şəhidlər var...Son olaraq, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevə həsr olunmuş sənədli filmdə "Komandir" adlı yeni bir mahnı yazdıq. Sözləri Arzu Nehrəmliyə, musiqisi qızıma aiddir. Ondan əlavə, Mikayıl Müşfiqin yazmış olduğu "And" şeirinə qızımın bəstəsi olan yeni bir mahnı yazdıq. O şeir bizim indiki günümüzə aiddir.

Köksüm sərhəddimdə bir dəmir sipər,
"Hazıram" sözünü etmişəm əzbər.
Bir parça haqqıma toxunsan əgər,
Bağrına süngünü taxacağam mən.

- İndiki gənclərin vətənpərvərlik ruhu sizi qane edirmi?

- Əlbəttə, vətənpərvərlik bizim xalqın genetik yaddaşındadır. Mübariz İbrahimov görün düşməni necə böyük məğlubiyyətə uğratdı, məyus elədi? Ondan sonra əksəriyyət komandir və əsgərlər Mübarizin yolunu tutmaq istədi. O ruh bizim qanımızdadır. Yetər ki, əmr verilsin. Düzdür, küçələrdə müharibəyə səsləyən heç bir şüarımız yoxdur. Amma çox istərdim ki, Azərbaycan əsgərinin simvolu olaraq Mübariz İbrahimovun əlində pulemyotla Bakının əzəmətli bir yerində heykəli qoyulsun. Bu, Azərbaycan əsgərinə, şəhidlərinə və qazilərinə hörmət olan abidə olar. Hər bir heykəlin böyük təsiri var.

- Bu gün Qarabağ qazilərinə cəmiyyətin münasibəti sizi qane edirmi?

- Qarabağ qaziləri bu gün evlə, avtomobillə təmin olunur, illər, zaman keçdikcə bu qayğı daha da artırılır. İstənilən şəxs internetə girib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın saytında istər ev, istər avtomobil növbəsindəki siyahıda öz növbəsini tapa bilir. Bütün bunlar çox vacibdir. Şikayətlər xeyli azalıb. Amma bu insanların bir sıra problemləri hələ də var. Yerlərdə sənədləşmə işlərində müəyyən problemlər var. Qarabağ qazilərinə diqqət, qayğı çox yüksək səviyyədə olmalıdır. Çünki, vətənin dar günündə onlar şəxsi mənafelərini düşünmədilər. Hamısı əlinə silah götürüb düşmənlə vuruşdular. Ona görə də cəmiyyətdə onlara xüsusi hörmət olmalıdır. Sabah müharibə olarsa, yenə qazilər gedib döyüşəcəklər. Hər il Qarabağ Qaziləri müalicəyə, istirahətə göndərilir. Düşünürəm ki, yavaş-yavaş bu qayğı getdikcə daha da artacaqdır.

AzNews.az