20:46
(077) 610-22-33

Sığal çəkmə qəmimə

  • >
2 323 12 Oktyabr 2015 13:43 | Mədəniyyət

AzNews.az Leyla Rəşidin son şeirlərini təqdim edir:



Qələmim qara gözüm

Sığal çəkmə qəmimə,
Didilib ilmə-ilmə.
Yaman düşüb könlümə,
Qoy ağlayım doyunca.

Ağ vərəq bəyaz üzüm,
Qələmim qara gözüm.
Sözü damlaya düzüm
Qoy ağlayım doyunca.

Ruhum qalıb yaman tək
Oda həsrət saman tək,
Arzu küsüb güman tək
Qoy ağlayım doyunca.

Həsrətli baxış mənəm,
Yanaqda naxış mənəm,
Bu payız yağış mənəm!
Qoy ağlayım doyunca.

Yuyum səbrin pasını
Qanımın qarasını.
Təqvimlərin yasını
Qoy ağlayım doyunca.

Kim deyər ki, qəmsizəm,
Əbədi-kəfənsizəm.
Vətəndə vətənsizəm
Qoy ağlayım doyunca.


Qorxuruq

Dünyanın zülmət nöqtəsindən,
Gecənin zümzüməsindən,
nurun yoxluğundan,
bəlkə, anın sükutundan,
qaranlıqdan qorxuruq.
Qorxuruq- ya görməsək ?!
Al-əlvan çiçəkləri,
Çiçəklərdə rəngləri,
rəngli kəpənəkləri ya görməsək...
Gözümüzü yumsaq eyni, açsaq eyni.
Hansı yana dönsək eyni, baxsaq eyni
Ya görməsək ?
Dünyanın bəyaz üzünü,
Üzündə mavi gözünü,
Gözündə inci düzumü yağmasa,
Günəş daha doğmasa,
doğmasa zülmətin bətnindən...
Tək olanda qorxuruq əslində qaranlıqdan,
təklikdən, tənhalıqdan.
İki qəlbin nuru zulmətdə şamı yandırar.
İki gözün atəşi aləmi işıqlandırar.
İki gülüşün qəhqəhəsi susdurar gecənin zümzüməsini,
yox edər anın sükutunu,
zülmətin nəğməsini...
Yeni rənglər görər ürək;
Gözün hələ görmədiyi yeni rənglər,
aydınlığın bilmədiyi yeni rənglər...
Qorxuruq- qocalığa çatmamaqdan qorxuruq.
Qönçə ikən solmaqdan,
Payız xəzanı olmaqdan ,
Bitməmiş cümlə kimi
Cümlədəki kəlmə kimi,
Yarımcıq bir nəğmə kimi oxunmaqdan qorxuruq.
Hər bir ömür əyri bir xətt, başqa bir yol,
Zaman düz xətt- sonsuzluqdu...
Üfüqi ola bilməz ki, insan yolu nə insanla, nə zamanla.
Bu yollarda
Arzuların donmasından,
ümidlərin yanmasından qorxuruq.
Bu yollarda bu yolların sınmasından qorxuruq.
Bu yollarla qocalığa çatmamaqdan qorxuruq.
Qocalığa çatanda da qocalmaqdan qorxuruq.


Yoxsulların təsəllisi

Varlıların din-imanı ziynət olur.
Yoxsulların təsəllisi cənnət olur.
Tanrısına sadiq möminlərin belə
Duaları ünvanına minnət olur.

İlmə-ilmə mənliyi sökəsökdəyik,
Həm qəssabıq, həm şallaq ət; nə kökdəyik.
Milyon zərrə... hər birimiz bir nöqtəyik.
Zaman çəkib apardıqca düz xətt olur



Gəl gedək dəli könlüm

Gəl gedək dəli könlüm,
Bezməyinə dəyərmi?
Bu dünya nə dünya ki,
Küsməyinə dəyərmi?

Hər kəs görmüş dağını,
Qarasını, ağını
Turşudub dodağını
Büzməyinə dəyərmi?

Ömür yarı, gün yarı
Dünya hüzn mağarı.
Bir səadət otağı
Gəzməyinə dəyərmi?

Hər ürəkdə bir telə
Dəysən dərd gələr dilə.
İndi özünü belə,
Üzməyinə dəyərmi?

Məni yaşadan sənsən,
Səni yaşadan sevgi.
Hər şeyi yalan, fani
Könlüm, belə dünyanı
Sevməyinə dəyərmi?
Söylə, bir görüm söylə,
Küsməyinə dəyərmi?!







Bağla X