Deputatlar döyüldü-Prezidentin çıxışı təxirə salındı

Gürcüstan paytaxtından həyəcanlı xəbərlər gəlməkdədir. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, prezident Mixail Saakaşvili Milli Kitabxana binasından xalqa müraciət etməsinə imkan verilməyib. 500-dək etirazçı binaya girişi bağlayıb və tədbirin baş tutmasını əngəlləyib. Polis qüvvələri isə prosesə müdaxilə etməyib.

Hadisə nəticəsində Mixail Saakaşvilinin komandasının üzvləri döyülüb. Onların arasında Tiflis meri Giqi Uqulava, Təhlükəsizlik Şurasının sabiq rəhbəri Giqi Bokeriya, deputatlar var. Hadisə yerinə daxili işlər naziri İrakli Qaribaşvili də gəlib. O, hadisənin baş verməsində Saakaşvilinin tərəfdarlarını günahlandırıb. Qaribaşvili deyib ki, prezidentin binaya daxil olması üçün 2 dəhliz yaradılsa da, Milli Hərəkat Partiyasının üzvləri bu imkandan istifadə etməyib və təxribatlara yol verib. Qarşı tərəf isə əksini söyləyir.

Mixail Saakaşvilinin öz iqamətgahəndan xalqa müraciət edəcəyi gözlənilir. Ora xarici diplomatların və qeyri-hökumət təşkilatları rəhbərlərinin dəvət edildiyi bildirilir.