18:15
(077) 610-22-33

Prezidentliyə namizədlərin rəsmi qeydiyyata alınmasına başlanıldı

  • >
329 7 May 2013 10:22 | Region

Bu gün İranda iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyatalma mərhələsi başlayıb.

APA-nın məlumatına görə, qeydiyyataalma mayın 11-dək davam edəcək.

Mayın 12-16-da İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) həmin namizədlərin səlahiyyətinə baxacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Bundan sonra hansısa səbəbdən namizədliyinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasındakı bir müddətdə şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq. Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası həyata keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyataalma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb.

Qeyd edək ki, hazırda prezidentliyə namizədliyini irəli sürmüş və ehtimal olunan namizədlər arasında xeyli sayda keçmiş, hazırda vəzifədə olan nazir, millət vəkili və ictimai-siyasi xadimlər var. Bunlar arasında hələlik İranın xarici işlər naziri Əli Əkbər Salehi, parlamentin sədri Əli Laricani, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, parlamentin vitse-spikerləri Məhəmmədhəsən Əbuturabifərd və Məhəmmədrza Bahunər, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, parlamentin sabiq spikeri Qulaməli Həddad Adil, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, Prezident Ofisinin keçmiş rəhbəri İsfəndiyar Rəhim Məşayi, yollar və şəhərsalma naziri Əli Nikzad, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, Tehran Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri, Yəhya Əli İshaq, millət vəkili Həsən Sübhani sabiq informasiya, təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahian, keçmiş ədliyyə naziri və Konstitusiyaya Nəzarət Şurasının üzvü Qulamhüseyn İlham, sabiq səhiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş daxili işlər naziri, Baş Müfəttişlik Təşkilatının sədri Mustafa Purməhəmmədi, sabiq səhiyyə naziri, millət vəkili Məsud Pezeşkiyan, keçmiş təhsil naziri Həmid Hacıbabayi, sabiq neft naziri Məsud Mirkazımi, keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki, sabiq nazirlər Məhəmmədrza Səidikiya, Məhəmməd Şəriətmədari, İshaq Cahangiri, keçmiş vitse-prezidentlər Məhəmmədrza Arif və Sadıq Vaəzzadə, sabiq deputat Əlirza Zəkani, "Hizbullah" partiyasının baş katibi Məhəmməd Bağıri Xərrazi və başqaları var.

Xatırladaq ki, artıq sabiq səhiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş nazir Məhəmmədrza Səidikiya və sabiq vitse-prezident Sadıq Vaəzzadə prezidentliyə namizəd kimi qeydiyyata alınmaq ərizələrini təqdim ediblər.

AzNews.az
Bağla X