02:55
(077) 610-22-33

Tələbələrə Heydər Əliyev adına təqaüdlər təqdim edildi - FOTO

  • >
280 10 May 2013 13:45 | Region

Qazaxıstanın qərb bölgəsində yerləşən daha bir universitetdə - Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən təsis edilmiş Heydər Əliyev adına təqaüdlər tələbələrə təqdim edilib.

Baş konsuluğun mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Aktau şəhərində Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində tədbir keçirib. Universitetin konfrans zalında təşkil edilmiş tədbirdə universitetin müəllim və tələbələri ilə yanaşı, Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" milli mədəni cəmiyyətinin üzvləri, televiziya və mətbuat işçiləri iştirak ediblər.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilib və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin prorektoru filologiya elmləri doktoru, dosent Naqbdu Sultansixovna Kəmərova çıxışında Heydər Əliyevin dünya səviyyəsində tanınan bir siyasətçi olmasından, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolundan danışıb.

Daha sonra, Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" milli mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı apardığı siyasət, onlara qarşı göstərdiyi diqqət və qayğıdan danışıb.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov çıxış edərək, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışıb. R.Məmmədov çıxışında, Baş konsulluq tərəfindən Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində təhsil alan tələbələr arasında Heydər Əliyev adına bir dəfəlik təqaüdün təsis edildiyi haqqında məlumat verərək, təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universitetin əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd etdi. Çıxışın sonunda Baş konsul, universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, Azərbaycan haqqında kitab və suvenirlər təqdim edib.

Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

AzNews.az
Bağla X