Əhmədinejadın qardaşı onun yerinə göz dikdi

İran Prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad przsident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.

Davud Əhmədinejad İran İslam İnqilabı Keşikçilər Korpusunun (sepah) təhlükəsizlik məsələləri üzrə əməkdaşı olub. O, Əhmədinejadın birinci prezidentliyi dövründə prezident aparatının müfəttişlik idarəsinin rəhbəri işləyib. 2008-ci ildə tutduğu vəzifədən istefa verib. İran KİV-lərinin məlumatına görə, onun istefasına qardaşı prezident Mahmud Əhmədinejadla aralarındakı gərginlik səbəb olub.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb. Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.

İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.
Ölkədə prezident 4 il müddətinə seçilir.

AzNews.az