Terror Türkiyəni xərcə saldı: 7,5 milyon

Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısındakı çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, baş verən hadisədən sonra Hatay valiliyinin hesabına ilkin mərhələdə 7,5 milyon lirə vəsait göndərilib: "Dövlət bu istiqamətdə bütün imkanlarını səfərbər edib. Yaralar ən qısa zamanda sarılacaq, terrorun izləri ən qısa müddət içində təmir ediləcək".

R. T. Ərdoğanın sözlərinə görə, terrorun arxasındakı güclər demək olar ki, müəyyənləşdirilib: "Terrorun Suriya rejimi ilə əlaqəli Türkiyə mərkəzli bir təşkilat tərəfindən təşkil edildiyi ortaya çıxarılıb. Biz bu hücumun altında qalmarıq. Soyuqqanlı davranacaq və bizi çəkmək istədikləri tələlərə düşməyəcəyik. Suriya xalqı ilə zərrə qədər problemimiz yoxdur. Zalım diktatura rejimi ilə problemimiz var".

AzNews.az