Prezidentliyə namizəd hökuməti sərt tənqid etdi

İran prezidentliyinə namizəd, höccətülislam Həsən Ruhani dövlət televiziyası ilə çıxışı zamanı hazırkı hökuməti sərt tənqid edib.


APA-nın İRİB-ə istinadən məlumatına görə, islahatçılar düşərgəsini təmsil edən namizəd hökumətin şüarının "Tədbir və ümid" olacağını bildirib: "Mən balansı qoruyan bir şəxsəm. Həmişə balansı qoruyan mühafizəkarlar (üsulgəralar) və islahatçılarla tanış olmuş və onlarla işləmişəm. Bu gün də ümidvaram ki, balansı qoruyan, məntiq və ədaləti sevən şəxslərin nümayəndəsi olam. Mənim hökumətimin iqtisadi əsası xalqa dinclik vermək və iqtisadiyyat sahəsindəki narahatçılığı aradan qaldırmaqdır. Mən cinahdan kənar olmaq sözü ilə maraqlanır və onu xoşlayıram. Mənim hökumətim cinahdan kənar olacaq. Bütün ekspert və ziyalılardan istifadə edəcəyəm. Fikrimcə, hamımız yığışaraq ölkənin abadlaşması üçün bir-birimizin əlini tutmalıyıq".

H.Ruhani İran-ABŞ münasibətlərinə və ölkəsinin nüvə proqramına da toxunub: "Biz ABŞ və heç kimdən qorxmuruq. Lakin bacardığımız qədər müharibənin olmamasına çalışmalıyıq. Əgər bir gün düşmən müharibə etmək istəyərsə, biz bu savaşda mərdlik göstərəcəyik və başıuca duracağıq".

İran prezidentliyinə namizəd sonda əlində bir açar göstərərək hər bir şeyin tədbirlə və ümidlə həll olunacağını deyib: "Bilin ki, nüvə məsələsi də həll olunacaq. Sanksiyalar götürüləcək və iqtisadi inkişaf da yaranacaq".

Qeyd edək ki, H.Ruhani 1960-cı ildə Simnan Sadiqiyyə Elmlər Seminariyasında dini təhsil alıb. 1961-ci ildə Qum Dini Elmlər Seminariyasına daxil olan H.Ruhani 1989-2005-ci illərdə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və IV və V çağırış İran parlamentinin sədr əvəzi olub. O, həmçinin İran Üləmalar Məclisi (Xubreqan) və İran Məsləhət Şurasının üzvü olub. Hazırda İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir.

AzNews.az