“Xalidə Xalid həbsdən azad olundu“ - VİDEO

İranda həbsdə saxlanılan Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov həbsdən azad olunublar və yaxın günlərdə Azərbaycana göndəriləcəklər.


Bu barədə ANS-ə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi dedi. Nazir müavini azərbaycanlıların təhvil- təsliminin gecikməsini sənədləşmə işləri ilə bağlayıb.

"Ümid edirəm ki, 2-3 gündən sonra siz onları azad görəcəksiz. Bu, İran İslam Respublikasının qəti qərarıdır və məsələ ilə bağlı hakim qərarı da var. Yaxında onlarla görüş təşkil edəcəklər və sonra da Allah qoysa, məsələ həll olunacaq", - deyə o vurğulayıb.

Cənab Əraqçi rəsmi Tehranın iki azərbaycanlının buraxılması müqabilində Bakıdan həbsdə saxlanılan Mikayıl Kazıminin azad olunmasını istəməsinə də aydınlıq gətirib.

O, bu məsələləri bir-biri ilə baglamasa da düşünür ki, İran vətəndaşının həbsi zamanı anlaşılmazlığa yol verilib: "Biz azərbaycanlıların azad olunması ilə baglı bütün işləri gördük. Ümid edirik ki, bizim Azərbaycanda olan dostlarımız da İran vətəndaşı Kazıminin həbsinin arasdırmasını tezliklə yekunlaşdıracaq və o da azad olunacaq".

İran rəsmisi ölkəsinin mövqeyini Azərbaycanın İrandakı səfiri Cavanşir Axundova şəxsən çatdırıb. İran xarici işlər nazirinin müavini iki ölkə arasında bu tipli hadisələrin tez-tez baş verməsinin səbəbləri barədə də sualımızı da cavablandırıb. Abbas Əraqçinin dediyinə görə, bu iki ölkənin sıx əlaqədə olmasını göstərir. O, vətəndaşların qarşılıqlı səfərləri zamanı bu tipli xırda problemlərin olmasını normal sayır. Nazir müavini deyir ki, əsas məsələ Azərbaycan və İran rəsmilərinin bu cür anlaşılmazlıqları cox rahat səkildə həll etmək istəyidir ki, bu da müsbət mənada baş verir.



AzNews.az