Abdulla Gül Taksim hadisələri ilə bağlı bəyanat verdi

Türkiyə prezidenti Abdulla Gül ölkədə baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib. Abdulla Gülün yazılı açıqlamasında deyilir:


"Demokratiyaya, plüralizmə və hüququn aliliyinə inanan, bu yolda daha çox məsafə qət etmək əzmində olan Türkiyədə fərqli düşüncələrin, baxışların olması, önəmli mövzularda fərqli mövqelərin, yanaşmaların ortaya çıxması çox təbiidir. Bu, demokratik cəmiyyətin ən böyük zənginliyidir. Əsas önəmli olan məsələ mədəni şəkildə diskussiya apara bilmək, dialoqa açıq olmaq, müxtəlif mövqeləri dinləməkdir.

Demokratik cəmiyyətdə etirazlar qayda-qanuna uyğun və sakit şəkildə ifadə edilməli və müvafiq olaraq ölkəni idarə edənlər də fərqli düşüncələrə və narahatlıqlara diqqətlə yanaşmalıdır. Taksimdə bir neçə gündən bəri davam edən və təəssüf ki, dünəndən bəri narahatedici səviyyəyə gələn olaylara son qoymaq üçün hamımız təmkin nümayiş etdirməliyik. Təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini yerinə yetirərkən hər zamankından daha çox həssas olmalı, müdaxilə edərkən adekvat davranmalı və üzücü görüntülərin meydana gəlməsinə imkan verməməlidir. Bu gün səhər baş nazir və digər səlahiyyətli şəxslərlə əlaqə saxlayaraq bu məqamları onlara da söylədim. Sakitliyin təmin edilməsi və məsələnin bizə yaraşan şəkildə müzakirə edilərək nəticələndirilməsi üçün hər kəsin üzərinə düşəni edəcəyinə inanıram"./anspress/

AzNews.az