Suriyada 280 muzdlu öldürülüb - HESABAT

Son 11 ay ərzində Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə 280 muzdlu, o cümlədən 17 nəfər Rusiya vətəndaşı olan silahlı öldürülüb.

APA-nın məlumatına görə, bu rəqəmlər Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutu və Flashpoint Global Partners konsaltinq mərkəzinin ekspertləri tərəfindən hazırlanmış hesabatda öz əksini tapıb.

Sənədə əsasən, öldürülənlərin əksəriyyəti Liviya vətəndaşlarıdır (59 nəfər). Siyahıda növbəti yerləri Səudiyyə Ərəbistanı (44) və Tunis (44), İordaniya (32), Misir (27), Livan (22) və Rusiya (17) vətəndaşları tutur.

Öldürülənlərdən beş nəfər Çeçenistan, dörd nəfər Dağıstan, bir nəfər Kabardin-Balkar, yeddi nəfər digər regionlardandır. Öldürülənlərdən biri çeçen səhra komandiri Ruslan Gelayevin oğlu Rüstəm Gelayevdir. Onun ötən ilin avqustunda "Suriyada çeçen mücahidləri" qruplaşmasının tərkibində hökumət qoşunlarına qarşı döyüşlərdə öldüyü ehtimal olunur.

Suriyada gedən döyüşlərdə öldürülən muzdlular arasında Fələstin, Küveyt, İraq, BƏƏ, Avstraliya, Bəhreyn, Mərakeş, Əlcəzair, Azərbaycan, Bolqarıstan, Danimarka, Fransa, İrlandiya, Kosovo, Qətər, Türkiyə, Böyük Britaniya, Özbəkistan və ABŞ vətəndaşları da var.

Muzdlular ən çox Hələb (54), İdlib (23), Deraa və Dəməşq (15), Deyr ez-Zor (12), Latakiya və Tell-Kalaxda (10) öldürülüb.

AzNews.az