Həsən Ruhaninin andiçmə mərasiminin vaxtı açıqlandı

İyunun 14-də İranın yeni prezidenti seçilmiş Həsən Ruhaninin andiçmə mərasimi avqustun 4-də keçiriləcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Dehqan açıqlama verib.

Onun sözlərinə görə, avqustun 3-də dövlətin təhvil-təslim günüdür və İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyinin hüzurunda andiçmə mərasimi keçiriləcək: "Avqustun 4-də isə İran prezidentinin parlamentdə andiçmə mərasimi olacaq. Bu tədbirdən bir həftə sonra Həsən Ruhani Nazirlər Kabinetinin üzvlərinə etimad səsi qazanmaq üçün onları parlamentə təqdim etməlidir".

Qeyd edək ki, H. Ruhani 18 milyon 613 min 329 səs (50,07%) toplamaqla İran prezidenti seçilib.

AzNews.az