“Azərbaycanda dünya səviyyəli fotostudiya quracağıq” “Azərbaycanda dünya səviyyəli fotostudiya quracağıq”

“Mən bu şəhərin gecəsini sevdim” – Güneyli fotoqraf

“Azərbaycanda dünya səviyyəli fotostudiya quracağıq”


İrandan Azərbaycana qonaq gələn fotoqraf Ehsan Ayoubinin AzNews.az-a müsahibəsi:



- Ehsan bəy, Azərbaycana gəlməkdə məqsədiniz nədir?

- Bizi Azərbaycana dəvət ediblər. Məqsədimiz Azərbaycanda böyük fotostudiya yaratmaqdır. Bu dəvət dövlət səviyyəsində deyil, şəxsi bir dəvətdir. Azərbaycan film sarıdan yaxşı inkişaf edib, amma foto sahəsində çox geri qalıb. Demək olar ki, Azərbaycanda fotoqraflıq sahəsi inkişaf etməyib.

- Azərbaycanda fotosessiyanın zəif inkişaf etməsinə səbəb nədir?

- Azərbaycanda fotosesiyanın quruluşu əvvəldən düzgün hazırlanmayıb. Buna da səbəb yaxşı aparatura sisteminin olmamağıdır. Bu işlər hələ bundan sonra qurulacaq. Açığını deyim ki, millət olaraq, bu sənətə maraq az olub. Fotosessiya ənənəsi Azərbaycana sonradan gəlmədir. Bu sənəti düz öyrənmək lazımdır.

- Sizcə, fotoqrafın ali təhsil alması vacibdir?

- Akademik təhsil önəmli deyil. Ancaq sənəti hərtərəfli öyrənməlisən. Foto əsasən, ustadlardan öyrənilən bir sənətdir.

- Azərbaycana kimin dəvəti ilə gəlmisiniz?

- Mən fotoqraf Mahir Hüseynbəylinin dəvəti ilə gəlmişəm. Onun yaradıcılığı ilə az tanışam. Amma çalışacam ki, dərindən tanış olam. Onun işlərini gördüm, yaxşı işlərdir.

- Sizcə bu gəlişiniz uğurlu alınacaq?

- Bu işlə dünyanın hər yerində, xususilə İranda yaxşı pullar qazanmaq olur. Məsələn, İranda bəy-gəlin, model və toydan çəkilən şəkillər yaxşı pul gətirir. Tanınmış müğənnilərin fotosessiyası da yaxşı gəlir mənbəyidir. Azərbaycanda bu işi çox görməyiblər. Sanki foto Azərbaycanda əhəmiyyətli iş deyil. Əslində isə foto böyük işdir, sənətdir. Bu, elə bir sənətdir ki, Azərbaycanda onu qurmaq çox da ağır xəzinə tələb etmir. Ordan-burdan fotoqraf gətirməkdənsə, bunu Azərbaycanda inkişaf etdirmək lazımdır.

- Azərbaycanda quracağınız fotostudiya başqa ölkələrdəkindən nəylə fərqlənəcək?

- Azərbaycanda mənim gördüklərim fotostudiya deyil. Çünki fotostudiyaların yeri böyük deyil. Bizim gördüyümüz işlər o yerlər üçün çox darısqaldır. Fotostudiyaların içərisində olan texniki avadanlıqlar çox əhəmiyyətsizdir. O avadanlıqlar hər kəsin evində var. Adi bir şeydir. Bizim Mahir Hüseynbəyli ilə quracağımız fotostudiya dünya səviyyəsində bir studiya olacaq. Hətta İranın özündə belə studiya yoxdur. Bilirsiniz ki, İranda bu sahə çox inkişaf edib. Dünya səviyyəsində olan fotoavadanlıqlar, işıq effektləri olan bütün təchizatlar Azərbaycanda quracağımız fotostudiyada olacaq. Kamera, dizayn effektləri hər bir kəsin zövqünü oxşayacaq.

- Sənət adamının fotosessiyası üçün nə tələb olunur?

- İlk öncə qrim otağı lazımdır. Qrim otağı olmasa, sən istənilən keyfiyyəti əldə edə bilməzsən. Müğənnini qrim etmək lazımdır. Bizim quracağımız studiyada qrim otağı da fəaliyyət göstərəcək. Qrim mütəxəssisləri İrandan da, Azərbaycandan da ola bilər. Orada əsas özüm olacağam. Amma Azərbaycanda qurulacaq fotostudiyaya həm də rejissor lazım olacaq. Rejissor olmadan bu iş getməz. Ola bilsin ki, həmin rejissor İrandan gəlsin. Hələ qrim ustası barəsində də düşünəcəyik. Əgər lazımı keyfiyyəti əldə edə bilməsək, onu da İrandan gətirəcəm.

- Azərbaycandan əvvəl hansı ölkələrdən dəvət almısınız?

- Mən Talyanddan, Dubaydan dəvətlər almışam. Orada böyük studiyalar qurmuşuq. Bundan başqa isə İranda böyük fotostudiya yaratmışam. Bizim şirkət fotostudiya işini yüksək səviyyədə aparır.

- Bakı ilə bağlı təəssüratlarınız necədir?

- Bakının gündüzündən çox mən gecəsini sevdim. Gecələr effektli işıqlar var. Bu, bizim sənət üçün əlverişlidir. Biz də əsasən, gecələr işləyəcəyik.

Bahar Rüstəmli
AzNews.az