Mer rayon idarəsinin rəhbərini vəzifədən azad etdi

Moksva meri Sergey Sobyanin Moskvanın Cənub dairəsinin prefekti Georgi Smoleyevskini və Qərbi Biryulevo rayon idarəsinin rəhbəri Viktor Leqavini vəzifəsindən azad edib. Bu barədə Trend cümə günü RİA Novosti-yə istinadən məlumat verir.

Bundan başqa, mer cənub-şərq dairəsinin prefektinə töhmət verib.
S. Sobyanin hökumətin iclasında bildirib: "Ərazinizdə nə baş verdiyinə nəzarət edin. Bunun üçün müvafiq hüquq mühafuzə orqanlarını işə cəlb edin. Kütləvi iğtişaşlar baş verdiyi zaman nəzarəti həyat keçirən orqanlar mənə məruzə etsin".

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

AzNews.az