Prokuror və sürücü qətlə yetirildi

İranın Sistan və Bəlucistan vilayətində terror aktı baş verib.

APA-nın "Mehr" xəbər agentliyinə görə, bu gün səhər saatlarında Zabol şəhərinin prokuroru işə gedərkən silahlı hücuma məruz qalıb. Nəticədə Musa Qalənuri hadisə yerindəcə həlak olub. Hətta prokurorun sürücüsü də öldürülüb. Cinayətin kim və ya kimlər tərəfindən törədildiyinə dair heç bir məlumat yoxdur. Hazırda faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, oktyabrın 25-də gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətində, Pakistanla sərhəddə, Saravan sərhəd-keçid məntəqəsində baş vermiş silahlı qarşıdurma nəticəsində 14 İran sərhədçisi ölüb, 6-sı yaralanıb. Hadisədən bir gün sonra "Ceyşül-Ədl" adlı qrup hücumu öz üzərinə götürüb. Rəsmi Tehran isə bu addıma cavab olaraq oktyabrın 26-da səhər saatlarında terrorçuluqda ittiham olunan 16 məhbusu Zahidan şəhərinin mərkəzi həbsxanasında edam edib.

AzNews.az