Amerikalı milyarderdən Araz Ağalarova “göydələn” təklifi

Amerikalı milyarder Donald Tramp ona məxsus olan 58 mərtəbəli göydələnin analoqunu Rusiyada inşa etmək üçün azərbaycanlı iş adamı Araz Ağalarova iş birliyi təklif edib.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nyu-Yorkdakı
" Trump Tower"yə bənzər binanın tikintisini həyata keçirmək istəyən milyarder bununla artıq üçüncü dəfədir ki, Rusiya bazarına daxil olmağa cəhd edir.

"Mənim Rusiyada biznes qurmaq planlarım var. Hazırda bir neçə Rusiya şirkəti ilə müzakirə aparıram" deyə o, vurğulayıb.

Hələ ki milyarder layihənin dəyəri barədə heç bir açıqlama verməyib. Onun tərəfdaşı ola biləcək iş adamları arasında isə 60 ildə ilk dəfə olaraq "Kainat gözəli" müsabiqəsinin Rusiyada təşkilinə nail olan azərbaycanlı iş adamı Araz Ağalarov da var.

A.Ağalarova yaxın mənbənin Rusiya mətbuatına verdiyi məlumata görə, "Crocus Group" göydələnin inşası ilə bağlı milyarderlə danışıqlar aparır. "Ola bilsin ki, göydələn "Crocus City"nin ikinci mərhələsində tikilsin" deyə mənbə bildirib.

Qeyd edək ki, D.Tramp Amerikanın ən varlı adamlarından biridir və onun sərvəti 3,5 milyard dollar dəyərində qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, D.Trampın Moskvada inşa etdirmək istədiyi binanın hər kv.m-i ona azı 3 min dollara başa gələcək.

Elnarə
AzNews.az