Skinhedlərə qarşı “Qafqaz qruplaşması” yaradıldı - QİSAS

Moskvada Yeqor Şerbakov adlı gəncin öldürülməsindən sonra miqrantlara qarşı həyata keçirilən geniş əməliyyat skinhedləri daha da fəallaşdırıb.

Polis və miqrasiya xidmətinin hər gün ölkənin müxtəlif bölgələrində apardığı reydlər zamanı saxlanan çox sayda miqrantın ölkədən deportasiya edilməsi, eyni zamanda miqrnatlara qarşı skinhedlər tərəfindən zorakılıq hallarının artması Şimalı Qafqaz və Dağıstandan gedən miqrantların da kriminal təşkilatlanmasına səbəb olub.

Xüsusilə 2 gün əvvəl Moskva metrosunda Dağıstandan olan bir miqrantın hamının gözü qarşısında güllələnməsindən sonra təşkilatlanma prosesini daha da sürətləndiyi bildirilir.

AzNews.az-a daxil olan məlumata görə, artıq Moskva da daxil olmaqla Rusiyanın bir neçə şəhərində özünü "Qafqaz qruplaşması" adlandıran dəstələr yaradılıb. Bu qruplaşmaya Dağıstan və Şimal Qafqaz respublikalarından olan əsasən gənclər daxil olurlar.

"Qafqaz qruplaşma"nın yaradılmasında məqsəd miqrantlara qarşı zorakılıq hallarının qarşısını almaq, belə hərəkətə yol verən skinhedləri cəzalandırmaqdır.

Artıq "Qafqaz qruplaşması" üzvlərinin skinhedlərə hücumu ilə bağlı bir neçə fakt qeydə alınıb. Qruplaşma üzvləri miqrantlara qarşı zorakılıq nümayiş etdirənləri cəzalandırsalar da, hadisələr arasında ölüm faktı qeydə alınmayıb.

Mənbə bildirir ki, skinhedlərə qarşı əməliyyatlar əsasən gecə vaxtları həyata keçirilir.

Azər
AzNews.az