04:30
(077) 610-22-33

Hər gün azı 2 jurnalist həyatını itirir

  • >
1 360 25 Noyabr 2013 16:25 | Region


Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə medianın qlobal problemlərinə həsr edilən konfrans keçirilib.

Jurnalistlərin Həmkarlar İttifaqından AzNews.az-a verilən məlumata görə, 21-23 noyabr tarixlərində keçirilən konfransda BJF və AJF-nin Avropa ölkələri üzrə yerli üzv təşkilatları, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən nüfuzlu KİV redaktorları, media ekspertləri, həmçinin, ATƏT başda olmaqla bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Azərbaycandan Konfransa Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli və "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli qatılıblar.

Konfrans müddətində medianın qlobal problemləri, yeni çağırışlar müzakirə edilib. Xüsusi olaraq, əksər ölkələrdə media sahibliyinin iri maqnatlar tərəfindən ələ keçirilməsi, etik dəyərlərə münasibətin dəyişməsi; yeni media və müəlliflik hüququ; əmək hüquqları; jurnalist təhlükəsizliyi kimi məsələlər diqqət mərkəzində olub, bu yöndə ölkələr üzrə hesabat xarakterli məruzələr dinlənilib və qiymətləndirmə aparılıb. Yerli üzv təşkilatlar təmsil etdikləri ölkələrdə medianın durumuna dair məruzələr etdikdən sonra, dəyərləndirmə aparılıb.

Rusiya, İraq və Pakistanda son illər jurnalist təhlükəsizliyi problemlərinin xüsusi olaraq qabardığı vurğulanaraq bu olkələrin hakimiyyətlərinə çağırış edən bəyanatlar qəbul edilib.

Noyabrın 23-də konfrans iştirakçıları Beynəlxalq "Jurnalistikada cəzasızlığa qarşı gün" kampaniyasına qoşulublar. Kampaniya ilə həmrəylik göstəricisi olaraq dinc yürüş keçirilib. Yürüşə qatılan BJF prezidenti Jim Bumelha peşə fəaliyyətinə görə qətlə yetirilmiş, sağlamlığını itirmiş jurnalistlərə həsr edilən məruzə ilə çıxış edib. Bildirib ki, "il ərzində dünya ölkələrində qətlə yetirilən və ya sağlamlığını itirən jurnalistlərin ümumi statisitikası belə nəticə doğurur ki, indi az qala hər gün ən azı 2 jurnalist ya həyatını, ya da sağlamlığını itirir".

BJF prezidenti əlavə edib ki, ən pis hal jurnalistlərə xəsarət yetirənlərin cəzasız qalması ilə bağlıdır:

"Peşə fəaliyyətinə görə jurnalistlərə müxtəlif formalı xəsarət yetirilməsinə, jurnalistlərin öldürülməsinə görə açılan cinayət işlərinin ən yaxşı halda 10 faizi müsbət nəticə verir, cinayətkarlar cəzalandırılırlar.

Qalan 90 faiz isə neqativdir, yəni jurnalistlərə xəsarət yetirən, onlara təzyiq göstərənlər cəzasız qalırlar. Dünyanın hər bir nöqtəsində tendensiyaya çevrilmiş bu cür hallara son verilməsi üçün qlobal kampaniyalar keçirilməli, media həmrəyliyi inkişaf etdirilməlidir".

AzNews.az
Bağla X