01:59
(077) 610-22-33

İran Rusiyanın yardımı ilə yeni nüvə stansiyası tikəcək

  • >
270 1 Dekabr 2013 17:22 | Region

İran və Rusiya 4 min meqavat gücündə yeni nüvə stansiyasının tikintisi üzrə danışıqlar aparırlar.
Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib:

"İran və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, hazırda qarşı tərəflə danışıqlar aparırıq. Burada məqsəd Rusiya tərəfinin dörd min meqavat gücündə yeni nüvə stansiyasının tikintisində bizə yardım etməsidir".

Ə.Ə.Salehinin sözlərinə görə, Buşəhr nüvə stansiyası artıq üç aydır ki, iranlı mütəxəssislər tərəfindən idarə olunur və bu üç ayda bir milyard 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib: "Biz Rusiya ilə yeni nüvə stansiyalarının inşası ilə bağlı çox ciddi müzakirələr aparırıq. Rusiyadan başqa, digər ölkələrlə də müzakirələrimizi davam etdiririk". Lakin təşkilatın sədri müzakirə aparılan digər ölkələrin adlarını açıqlamayıb.

O bildirib ki, bu gün İran Prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıb: "Prezidentdən yeni nüvə stansiyalarının inşası üçün 1393-cü il (İranda il martın 21-də dəyişir) dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı göstəriş verməsini xahiş etmişəm".

Ə.Ə.Salehi əlavə edib ki, ölkənin perspektiv inkişaf planında 20 min meqavat gücündə elektrik enerjisi istehsal edən stansiyaların tikintisi nəzərdə tutulub ki, bu da Buşəhr nüvə stansiyası kimi 20 nüvə stansiyası deməkdir:

"Ümid edirəm ki, gələn il Buşəhr AES-in ikinci bölməsinin tikintisinin təməli qoyulacaq".


AzNews.az
Bağla X