“British Airways” Ermənistana uçuşları bərpa etməyəcək

"British Airways" şirkəti hazırda Ermənistanın paytaxtı İrəvana aviareyslərin bərpa olunması haqda düşünmür.

"APA-Economics"in məlumatına görə, bunu "British Airways" şirkətinin Azərbaycan, Qazaxıstan, İordaniya və Livanda satış üzrə regional meneceri Mayk Rok bildirib.

Onun sözlərinə görə, ötən il şirkət İrəvana uçuşlar həyata keçirən "British BMI" şirkətinə sahib olub: "Bu ölkəyə uçuşlar sərfəli olmadığından, aviareyslərin dayandırılması haqda qərar qəbul edilib. Hazırda İrəvana aviareyslərin bərpa olunması haqda düşünülmür" .

M.Rok əlavə edib ki, İrəvanın əvəzinə Almatı (Qazaxıstan) və Tiflisə (Gürcüstan) birbaşa aviareyslər açılıb.

"British Airways" şirkətinin Azərbaycanda satış üzrə regional meneceri Bakını əsas bazarlardan biri hesab etdiklərini vurğulayıb. O qeyd edib ki, Azərbaycandan Böyük Britaniyaya gedən sərnişinlərin sayı kifayət qədərdir: "Hazırda bizim üçün əsas prioritet istiqamətlərdən biri Bakıdır. Bununla belə, şirkət yeni reyslərin Azərbaycan sakinlərinə və "British Airway"ə nə qədər sərfəli olduğunu öyrənmək üçün daim yeni imkanlar axtarır. Biz bu bazara yeni qayıtmışıq. İnanırıq ki, "British Airways" şirkəti ilə maraqlanan sərnişinlərin sayı artacaq".

Qeyd edək ki, şirkətin ötən ilin iyul-sentyabr ayları ərzində gəliri 268 mln. avro təşkil edib. Həmin göstərici bu ilin analoji dövründə 477 mln. avro olub.


AzNews.az