İran həbsdə saxladığı Babək Zəncaniyə möhtac qaldı- Gözlənilməz qərar

Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın "rəisim" adlandırdığı Babək Zəncani "Evin" həbsxanasında saxlanılsa da, İran hökuməti ona məxsus şirkətin xidmətindən istifadə edir.

AzNews.az İran mətbuatına istinadən xəbər verir ki, söhbət B.Zəncaniyə məxsus "Qişm" hava nəqliyyatı şirkətindən gedir.

Belə ki, bu gün B.Zəncaniyə məxsus bu şirkətin təyyarəsi ilə İraqda olan 300 iranlı zəvvar vətənə gətirilib. Bu barədə məlumatı İranın Həcc və Ziyarətlər Komitəsinin rəisi Möhsün Nəzafəti verib.

O, İranın rəsmi xəbər agetliyi olan İRNA-ya müsahibəsində bildirib ki, "İran Air" şirkətinin təyyarəsində texniki nasazlıq yarandığı üçün İraqda olan iranlı zəvvarların gətirilməsi çətinləşib. Buna görə də komitə yeni şirkətlə əməkdaşlıq etmək məcburiyyətində qalıb.

Bir neçə hava yolları şirkəti ilə danışıqlar aparılsa da, ancaq Babək Zəncaniyə məxsus şirkət zəvvarları gətirməyə hazır olduğunu bildirib. Yanvarın 1-də aparılan danışıqlar uğurla nəticələnib və yanvarın 2-də zəvvarlar B.Zəncaniyə məxsus şirkətin təyyarəsi ilə İrana gətirilib.

Qeyd edək ki, Rza Zərrab rüşvət ittihamı ilə həbs edildikdən sonra onun Tehranda yaşayan "rəisi" Babək Zəncani də maliyyə fırıldağında günahlandırılaraq saxlanılıb.

Elnarə
AzNews.az