Türkiyədə 7 iş adamının əmlakına həbs qoyuldu

Türkiyədə rüşvət və korrupsiya əməliyyatı çərçivəsində ikinci həbs dalğası hökumət tərəfindən əngəllənsə də, prokurorun 7 tanınmış iş adamı və 2 şirkətin daşınan və daşınmaz əmlakına həbs qoyulması barədə sanksiyası icra olunub.

Ikinci dalğada həbs və axtarışlara sanksiya verən, hətta baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı şübhəli şəxs qismində ifadə verməyə çağıran prokuror Müəmmər Akkaş cinayət işinin istintaqından kənarlaşdırılsa da, bundan qısa müddət öncə o, hökumətə yaxın tanınmış iş adamları Abdulla Tivnikli, Mustafa Lətif Topbaş, Camal Kalyoncu, Ömər Faruk Kalyoncu, Mehmet Cengiz, Üsamə Kutub və Cengiz Aktürkün, eləcə də "Kalyon" şirkətlər qrupuna aid "Zirve Holding"in və C. Aktürkün "Bosphjorus 360" adlı şirkətinin bütün mal varlığına həbs qoyulması barədə sanksiyanı poçt vasitəsilə müvafiq dövlət orqanlarına göndərə bilib. Həbs qərarı "mütəşəkkil cinayətkar dəstə qurmaq və idarə etmək", "tenderlərdə qanunsuzluq", "rüşvət", "dövlət malına zərər vermək" ittihamları ilə başlanan cinayət işi çərçivəsində verilib.

Qeyd edək ki, adı çəkilən iş adamları hazırda dövlətin həyata keçirdiyi İstanbulda üçüncü körpü və üçüncü hava limanı kimi nəhəng infrastruktur layihələrində iştirak edən şəxslərdir.(apa)