Rəsmi Ermənistan: “Osmanlı imperiyası yunanların da kökünü kəsib”

Ermənistan Türkiyəyə qarşı daha bir məkrli plan hazırlayır. AzNews.az armtoday.info saytına istinadən xəbər verir ki, bu gün Ermənistan hökuməti Osmanlı dönəmində Qara dəniz sahillərində yaşayan yunanların soyqırmı məsələsini müzakirəyə çıxarır. Müzakirələrdə əsas məqsəd hazırlanmış qanun layihəsini qəbula hazırlamaqdır.


Verilən məlumata görə, qanun layihəsi Ermənistan parlamentinin "İrs" fraksiyası tərəfindən hazırlanıb. Bununla belə, bildirilir ki, qanun layihəsi hələ tam hazır deyil və üzərində iş aparılmalıdır. İndiki vəziyyətdə onun qəbulunu erməni deputatlar məqsədə müvafiq hesab etmirlər. Ermənistan parlamentinin müxalif deputatları isə təklif edirlər ki, qanun layihəsində Pontian yunanların öldürülməsi insanlıq əleyhinə törədilmiş cinayət kimi vurğulansın.

Erməni deputatlar qanunun qəbul olunmasının vacibliyini də önə çəkərək, bildirirlər ki, qanun layihəsi Osmanlı dönəmində törədilən soyqırımlara diqqəti artıracaq. Bu isə ermənilərin maraqlarına xidmət edir. Ermənilər iddia edirlər ki, Osmanlı dönəmində 2.7 milyon yunan yaşayıb və onlardan 700 mini 1912-1923-cü illərdə öldürülüb.


Qeyd edək ki, 1996-cı ildə Yunanıstan parlamenti 24 aprelin "erməni soyqırımının anım günü" kimi qeyd edilməsi ilə bağlı qətnamə qəbul edib. Ermənilər isə özlərini yunanlı qardaşları qarşısında borclu hesab edirlər.


Sadiq

AzNews.az