Nazir oğlanlarının həbsxana həyatı necə keçir?

Türkiyə mətbuatı onların saxlanma şəraitindən, nə yeyib-içdiklərindən və nə qədər pul xərclədiklərindən yazdı

Türkiyə mətbuatı 17 dekabr rüşvət əməliyyatında həbs olunan keçmiş Daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, keçmiş İqtisadi inkişaf naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və iş adamı Rza Zərrabın Metrisdəki həbsxanada saxlanma şəraitindən yazıb.

Kənardan yemək gətirtmək olmaz, siqaretə məhdudiyyət var...

"Hürriyet" qəzetinin əldə etdiyi məlumatlara görə, hər üç şəxs 15 nəfərlik kameralarda saxlanılır və onlara heç bir xüsusi şərait yaradılmayıb. Digər dustaqlardan fərqləri ziyarətçilərinin çox olmasında və nəzarətçilərin onlarla qışqırmadan, mədəni danışmasındadır: "Kənardan yemək gətirdə bilməzlər. Həbsxananın verdiyi yeməklə kifayətlənmək məcburiyyətindədirlər. Siqaretdən belə, məhdudiyyətlə istifadə edə bilərlər".

Hər üç şəxsin, eləcə də Üsküdardakı Paşaqapısı həbsxanasında saxlanılan "Halkbank"ın baş müdiri Süleyman Aslanın vəkili İstanbul Çağdaş Hüquqçular Dərnəyinin rəhbəri Əli Rza Dizdardır. "17 dekabr dustaqları"nın saxlanma şəraiti barədə mətbuata da vəkil məlumat verib.

Kameralarında xüsusi havalandırma yoxdur

Dizdarın sözlərinə görə, müdafiə etdiyi şəxslər o biri məhkumlar kimi həbsxana qaydalarına riayət edirlər: "Qaldıqları kamerada xüsusi havalandırma sistemi yoxdur. Sadəcə ağır cinayət törədən məhkumlarla bir araya gəlməmələrinə diqqət yetirilir. Bufetdən yemək almaq həbsxana rəisinin icazəsindən asılıdır. Mustafa Balbay, Mehmet Haberal, Tuncay Özkan kimi tanınmış məhkumlar kimi, bufetdən ancaq fındıq-fısdıq alıb yeyə bilərlər. Xərclərlə də bağlı məhdudiyyət var. Ayda ən çox 1000 lirə (500 manata yaxın) xərcləyə bilərlər. Digər məhkumlar üçün də pul limiti bu qədərdir. Ayrıseçkilik olsa, üsyan baş qaldırar. Həbsxana qaydaları hər məhkum üçün eynidir. Nazir oğlanları da hər gün duş almaq imkanına sahibdilər. Boş vaxtlarını dəyərləndirmək üçün həbsxanalardakı atelyelərə getməlidirlər. Zərgərlik, saatsaz, pinəçilik və bu kimi".

Ən rahat yer Süleyman Aslanındır

Vəkilin sözlərinə görə, içlərində ən rahat şəraiti olan "Halkbank"ın baş müdiri Süleyman Aslandır: "Süleyman Aslan məmur olduğu üçün başqa həbsxanaya göndərilib. Hamıdan rahatı odur. Çünki Üsküdardakı Paşaqapısı həbsxanası məmurlar üçündür. Kamera yoldaşları müəllimlər, polislər, bələdiyyə üzvləri və məmurlardır. Əli qələm tutan, oxumuş insanlar olduqları üçün öz qayda-qanun və səliqələrini təmin ediblər. Nəzarətçilər də bu şəraitə uyğun davranırlar".

Parlamentdə növbəti gərginlik


Yanvarın 11-də Türkiyə parlamentində gərgin anlar yaşandığı, keçmiş Hakimlər İttifaqının başqanı Ömər Faruk Eminağaoğlunun AKP-dən olan millət vəkili Zeyit Aslan tərəfindən yumruqlandığını yazmışdıq. Belə ki, Hakimlər və Prokurorlar Ali Şurasının quruluşunu köklü şəkildə dəyişməyi təklif edən qanun layihəsinin

parlamentə təqdim olunması müxalifətin etirazı ilə qarşılanıb. Məsələ parlamentin Ədalət Komissiyasının məlum iclasında müzakirə olunarkən Ömər Faruk Eminağaoğlu vətəndaş cəmiyyətinin təmsilçisi qismində söz istəyib. Ona söz verilməməsi CHP-çilərin etirazı ilə qarşılanıb. AKP ilə CHP arasında mübahisə də bundan sonra yaşanıb. Tərəflər bir-birinə noutbuk, çanta atıblar. Eminağaoğlu da Z.Aslan tərəfindən yumruqlanıb.

Gərginlik bu gün də davam edib. Ədalət Komissiyası qanun layihəsini müzakirə edərkən Ömər Faruk Eminağaoğlu yenə söz istəyib və ona növbəti dəfə rədd cavabı verilib. Üstəlik AKP-dən olan millət vəkilləri "çıx bayıra!" deyərək Eminağaoğlunun üstünə qışqırıblar. CHP-dən yenə etiraz gəlib və tərəflər arasında bir neçə dəqiqə qarşıdurma olub.

CHP parlament rəhbərliyinə müraciət edərək Eminağaoğluna hücum edən AKP-çi deputatın cəzalandırılmasını tələb edib. CHP deputat qrupunun rəhbəri Engin Altayın təqdim etdiyi müraciətdə məlum olayın Türkiyə Böyük Millət Məclisinin etibarını zədələdiyi bildirilir.

Ərdoğandan reaksiya gəldi: "Sən kimsən ki, həddini bil!"

Bu gün baş nazir Rəcəb Tayyib Ərdoğan parlamentdə baş verənlərə münasibət bildirib və Ömər Faruk Eminağaoğluna sərt təpki verib: "Komissiyanın iclaslarına səlahiyyəti olmayan şəxslərin gəlməsi yanlışdır. Əvvəla sən kimsən, həddini bil! Danışmaqdan belə xoşun gəlirsə, səni millət vəkili edərlər, gəlib danışarsan. Bunlar hüquqşünas yox, təxribatçıdılar. Komissiyada hər şey səslərdən asılıdır. Səsvermə keçirilib və Konstitusiyaya zidd heç nə olmadğı üzə çıxıb. Prezidentimiz nə deyəcək bilmirəm, amma müxalifətin edə biləcəyi şey Konstitusiya Məhkəməsinə müraciət etməkdir".

Bilal Ərdoğan üzə çıxdı

Harada olduğu günlərdir müzakirə və mübahisə predmetinə çevrilən baş nazirin oğlu Bilal Ərdoğan nəhayət bu gün üzə çıxıb. Səhər saatlarında anası Tənzilə Ərdoğanın məzarını ziyarət edən baş naziri oğlu Bilal Ərdoğan da müşayiət edib. Qaracaəhməd qəbiristanlığındakı ziyarət 15 dəqiqə çəkib.

Qeyd edək ki, B.Ərdoğan adı məlum rüşvət əməliyyatında hallandırılan şəxslərdən biridir. Əməliyyatı araşdıran, sonra işdən uzaqlaşdırılan prokuror Müəmmər Akkaş "ikinci həbs dalğası" çərçivəsində Bilal Ərdoğanı da şübhəlilərin siyahısına salmış və və ifadə verməsi üçün onu istintaqa çağırmışdı. Məhz bu qərarından sonra M.Akkaş istintaq sirrini yaymaq ittihamı ilə işin araşdırılmasından kənarlaşdırılmışdı. Bundan sonra Bilal Ərdoğanın ortalıqda gözə dəyməməsi mətbuatın şübhələrinə yol açmış, onun Türkiyədə olmadığı, şətta Azərbaycanda gizləndiyi ilə bağlı ən müxtəlif iddialar səsləndirilmişdi.

O da məlum olub ki, hökumət indi də hüquq sistemində "təmizləmələrə" başlayacaq. Bu sistemdəki əsas kadrların tezliklə dəyişdiriləcəyi iddia olunur.

Jurnalistlərə daha bir qadağa

Türkiyəni silkələyən "böyük rüşvət əməliyyatı" ilə bağlı məlumatların mətbuat səhifələrinə çıxması hökuməti media ilə bağlı bəzi qərarlar almağa məcbur edir. İlk olaraq ötən ay jurnalistlərin polis idarələrinə girişinə qadağa qoyulub. Jurnalistlər bu qərara qarşı etiraz aksiyası keçirsələr də, nəticə dəyişməmiş qalıb. Bu gün hökumətdən daha bir qadağa qərarı gəlib. Bütün polis idarələrinə curnalistlərlə görüşmək və mediaya məlumat vermək qadağan edilib. Bununla bağlı Türkiyənin polis "şefi" Mehmet Kılıçlar tərəfindən polis idarələrinin media və ictimaiyyətlə əlaqələr şöbəsinə yazılı göstəriş də göndərilib. M.Kılıçlar Qadağanı belə əsaslandırıb ki, bu, gizli məlumatların mediaya sızdırılmasının qarşısını almaq üçündür. Curnalist sorğularına isə yalnız valinin və M.Kılıçların razılığından sonra cavab veriləcək.(Azadlıq)