“Ölkəyə hücum edənləri peşman edəcəyik“- Prezident

"Heç bir ölkəyə hücum etmirik, lakin İrana qarşı hər hansı hücum olarsa, ölkəmizin mənafeyi naminə bütün gücümüzlə dayanacaq və düşməni bu işinə peşman edəcəyik".

Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün İranın Xuzestan əyalətinin Əhvaz şəhərində 92 saylı zirehli diviziyasının əsgərləri önündə çıxışı zamanı deyib.

Trend-in məlumatına görə, bu barədə Tasnimnews saytı xəbər verir.

H.Ruhani bildirib ki, İran öz hüquqlarını qorumaqda israrlıdır və ölkə ərazisinin bir millimetrinin işğalına da göz yummaz.

Ruhani çıxışında İranın nüvə texnologiyasının sülhyönlü olduğunu vurğulayıb: "Biz heç zaman kütləvi qırğın silahları əldə etmək niyyətində olmamışıq. Kütləvi qırğın silahlarını qadağan edən bütün beynəlxalq konvensiylara dair götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Sülhməqsədli nüvə texnologiyasının bizim haqqımız olduğunu bildirir və bu haqqın əldə olunmasından bir addım belə geri çəkilməyəcəyik".

Prezident qeyd edib ki, İran heç zaman nüvə silahı əldə etmək niyyətində olmayıb və olmayacaq da.

Həsən Ruhani Xuzestan əyalətinə ötən gün səfər edib.

AzNews.az