Fəthullah Gülen məhkəməyə verildi

Türkiyədə 17 dekabr hdisələrində tərəflərdən biri kimi göstərilən Fəthullah Gülen məhkəməyə verilib. Anspress-in xəbərinə görə, jurnalist-yazar Yusuf Ünal F. Gülenin Amerikadan ekstradisyası və yenidən mühakimə olunması tələbi ilə İstanbul Respublika Prokurorluğuna müraciət edib.

Baş verənlərin hökumətə qarşı istiqamətləndiyini deyən Ünal F. Gülenden hesabat tələb edəcək prokuror olmadığını deyib.

"Bu günə qədər Fəthullah Gülendən hesabat tələb edən prokuror olmayıb. Paralel dövlətin başı bəlidir. Baş verənlər və ifadələr də ortadadır. Bunun qanunvericilikdəki qarşılığı da məlumdur".

Bəzi polis rəislərinin özbaşına əməliyyatla hökuməti gözdən salmağa çalışdığını deyən Ünal bildirib ki, hökuməti dağıtmaq səyləri davam edir.

"Ölkəyə milyardlarla dollar ziyan dəydi. Kasetlə şantaj, istefa vermək üçün millət vəkilinə təzyiq, polis təşkilatı və məhkəmə sistemini nəzarətə götürərək dövlətə sızmaq təşəbbüsünə görə Gülen mühakimə olunmalıdır".

Gülenin Amerikadan ekstradisyasının vacib olduğunu deyən Ünal onun İsrail əlaqələrinin də hökmən araşdırılmalı olduğunu bildirib.

Yusuf Ünal ölkədə əmin-amanlığın təsis olunması üçün prokurorlara çağırış edib və hər cür dövlət çevrilişini lənətlədiklərini vurğulayıb.


AzNews.az